İtaliyanın “Komo” klubunun yarımmüdafiəçisi Niko Paz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
22 yaşlı argentinalı futbolçu “Real Madrid”ə qayıtmaq istəmir. Buna səbəb Madrid təmsilçisinin ona əsas heyətdə mühüm rol verəcəyinə zəmanət verməməsidir. Bununla belə, “Real Madrid”in futbolçunu 80 milyon avroya geri transfer etmək hüququ qalır. Bu səbəbdən Pazın qərarını dəyişməsi də istisna olunmur.
Məlumata görə, Brunu Fernandeşin komandadan ayrılacağı təqdirdə “Mançester Yunayted” argentinalı yarımmüdafiəçinin transferi üçün əsas namizədlərdən biri olacaq.
Niko Paz 2024-cü ilin yayında “Real Madrid”dən 6 milyon avro qarşılığında “Komo”ya keçib. İki il sonra İtaliya klubu Madrid təmsilçisinə əlavə 60 milyon avro ödəyib. Bununla da futbolçunun geri satınalma məbləği 80 milyon avroya yüksəlib.
Paz bu mövsüm “Komo”nun heyətində keçirdiyi 16 oyunda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.













