Braziliyalı sabiq futbolçu Juari 67 yaşında dünyasını dəyişib.

Matc.az xəbər verir ki, bu barədə İtaliyanın “Sport Mediaset” nəşri məlumat yayıb.

Jorge dos Santos Filho kimi tanınan Juari noyabrın 26-da Braziliyanın Posos di Kaldas şəhərində vəfat edib. 

Karyerasına “Santos” klubunda başlayan hücumçu burada əfsanəvi Pele ilə birlikdə çalışıb. O, 1980-ci illərdə İtaliyanın “Avellino” klubunda çıxışı və vurduğu qollarla azarkeşlərin rəğbətini qazanıb. Futbolçu qollarını künc bayrağı ətrafında rəqs edərək qeyd etməsi ilə də yadda qalıb.

Juari İtaliyada “İnter”, “Askoli” və “Kremoneze” klublarının da formasını geyinib. Onun karyerasının ən parlaq anlarından biri isə 1987-ci ildə “Porto” ilə Çempionlar Kubokunu qazanması olub. Braziliyalı hücumçu finalda Almaniyanın “Bavariya” klubuna qarşı keçirilən görüşdə həlledici qolu vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb. 

Qeyd edək ki, Juari ilə İtaliyanın Avellino şəhəri arasında xüsusi bağlılıq olub. 1980-ci ildə baş verən dağıdıcı zəlzələ zamanı göstərdiyi həmrəylik onun yerli sakinlərlə münasibətlərini daha da möhkəmləndirib. Bu bağlılıq futbolçu üçün ömrünün sonunadək davam edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest