Ekvador futbolunda görünməmiş hadisə baş verib. Matc.az xəbər verir ki, ölkənin Futbol Federasiyası hakim köməkçisinə daş ataraq onun ağır xəsarət almasına səbəb olan futbolçu Con Perlazanı 8 il müddətinə futboldan uzaqlaşdırıb.
“Reuters”in məlumatına görə, hadisə oktyabrın 17-də üçüncü divizion çərçivəsində keçirilən “Syudad de Yantsasa” – “Rio Aquariko” matçında baş verib. Görüşün 96-cı dəqiqəsində Perlaza ehtiyat oyunçular skamyasından köməkçi hakim Lenin Covanni Oxeda Nunesə daş atıb. Daş hakimin üz nahiyəsinə dəyib və qarşılaşma yarımçıq dayandırılıb.
Ekvador Futbol Federasiyasının açıqlamasına görə, zərərçəkən əməliyyat olunub.
Federasiyanın intizam komitəsi futbolçunu hakimə qarşı fiziki zorakılıqda təqsirli bilərək onun 2034-cü il oktyabrın 19-dək bütün futbol fəaliyyətlərindən kənarlaşdırılmasına qərar verib.
Bundan əlavə, qurum cəzanın bütün dünyada qüvvədə olması üçün FİFA-ya müraciət edəcək. Klub isə 2000 dollar cərimələnib və hakimin tibbi xərclərini ödəməlidir.













