"Sadəcə, hörmət tələb edirəm. Müxtəlif fikirlər eşidirəm, amma məni maraqlandırmayan məsələləri tez unuduram"

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının V turunda Çexiya üzərində qazanılan 2:0 hesablı qələbədən sonra qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis həm komandasının oyununu, həm də əldə olunan qələbə seriyasını dəyərləndirib.
 
De la Fuentenin rəhbərlik etdiyi İspaniya millisi bu qələbə ilə ardıcıl 12-ci dəfə meydanı qalib tərk edib. Komandanın əsas vaxt ərzində məğlubiyyətsizlik seriyası isə 43 oyuna çatıb və bununla da milli komandanın rekordu yenilənib.
 
Oyunu şərh edən baş məşqçi rəqibin müqavimətini xüsusi vurğulayıb: “Çox enerjili rəqibə qarşı gərgin mübarizə şəraitində keçən oyun oldu. Sınağa çəkildik və bəzi məqamlarda soyuqqanlılığımız çatışmadı. Buna baxmayaraq, çoxsaylı qol imkanları yaratmağı bacardıq”.
Qələbə seriyası və komanda ətrafında səslənən fikirlərə də münasibət bildirən De la Fuente bəzi tənqidlərin əsassız olduğunu düşünür: “Bəzi insanların diqqətini başqa məsələlərə yönəltməsi əslində işimizi çox yaxşı gördüyümüzü sübut edir. Reallıq budur ki, hər oyunla məğlubiyyət ehtimalı bir qədər də artır. Biz mövcud vəziyyətdən məmnunuq və sağlam düşüncəli hər kəs bunu anlayır”.
 
İspaniyalı mütəxəssis milli komandanın uğursuzluğunu istəyən insanların olub-olmadığını bilmədiyini, lakin hörmət gözlədiyini bildirib: “Milli komandanın uğursuzluğunu istəyənlərin olub-olmadığını dəqiq bilmirəm. Sadəcə, hörmət tələb edirəm. Müxtəlif fikirlər eşidirəm, amma məni maraqlandırmayan məsələləri tez unuduram. Bununla belə, insanların uydurma hekayələr və əsassız söhbətlər yaratması məni narahat edir”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest