Səudiyyə Ərəbistanı Pro Liqasının 7-ci turu çərçivəsində keçirilən "Əl-Təavun" - "Əl-Hilal" (0:6) oyununda meydan sahiblərinin azarkeşləri qonaq komandanın portuqaliyalı yarımmüdafiəçisi Ruben Neveşə qarşı təxribata əl atıblar.

Matc.az xəbər verir ki, "Əl-Təavun" azarkeşləri futbolçunu özündən çıxarmaq üçün onun ötən il avtomobil qəzasında faciəvi şəkildə həyatını itirmiş yaxın dostu və həmvətəni Dioqu Jotanın adını sədalandırmağa başlayıblar.

Bundan qəzəblənən 29 yaşlı yarımmüdafiəçi tribunalara tərəf gedərək azarkeşlərlə mübahisə edib, daha sonra isə əli ilə səmanı göstərərək "Allah hər şeyi görür" sözlərini deyib.

Qarşılaşmadan sonra da sakitləşməyən portuqaliyalı futbolçu jurnalistlərin hadisə ilə bağlı sualına qısa cavab verib: "Ümid edirəm ki, onlar etdiklərindən sonra namaz qılmağa getməzlər".

Qeyd edək ki, Ruben Neveş və Dioqu Jota vaxtilə "Porto", "Vulverhempton" klublarında və Portuqaliya millisində birlikdə çıxış ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest