Klubumuzun böyük tarixi var. Mən isə "Neftçi"də ilk dəfə baş məşqçi kimi Konfrans Liqasında iştirak edəcəyəm. Bu baxımdan sabahkı oyun həm mənim, həm də komanda üçün çox əhəmiyyətlidir.

Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda "Dinamo" (Minsk, Belarus) komandası ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis hansı komandanın üstün olduğunu öncədən söyləməyin mümkün olmadığını bildirib:

"Bunu oyunun nəticəsi göstərəcək. Əsas məsələ meydanda hansı komandanın özünü daha yaxşı tərəfdən göstərəcəyidir. Ümid edirəm ki, üstün tərəf "Neftçi" olacaq".

Baş məşqçi transfer çalışmalarının davam etdiyini də vurğulayıb:

"Yeni transferlər üzərində işləyirik. Bu, asan proses deyil. Heyətimizə yeni oyunçular qoşulacaq. Hazırkı heyətin yekun variant olduğunu deyə bilmərik. Yaxşı başa düşürük ki, güclənməyə ehtiyacımız var. Transfer pəncərəsinin bağlanmasına hələ vaxt var və bu istiqamətdə işlərimizi davam etdiririk. Komandanın özülü formalaşıb. Bununla belə, bəzi mövqeləri daha da gücləndirməliyik ki, qarşıya qoyduğumuz hədəflərə çata bilək. Rəhbərliklə daim əlaqədəyik. Komandaya yalnız bizi gücləndirəcək futbolçuların cəlb olunmasını istəyirik".

Xatırladaq ki, iyulun 22-də “Palms Sports Arena”da keçiriləcək "Neftçi" – "Dinamo" oyunu saat 20:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest