Türkiyə Futbol Federasiyası (TFF) Trendyol Süper Liqasında 2026/2027 mövsümündən etibarən bir sıra yeni qaydaları tətbiq edəcək. Yeni mövsümdə dünya çempionatında ilk dəfə istifadə olunan bəzi qaydalar eynilə və ya müəyyən düzəlişlərlə Süper Liqaya uyğunlaşdırılacaq.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, yeni qaydalara əsasən, hakimin dəyişiklik işarəsindən sonra oyundan çıxan futbolçu 10 saniyə ərzində meydanı tərk etməlidir. Əgər o, bu müddətdə meydandan çıxmasa, onun yerinə daxil olan oyunçu matç yenidən başladıqdan sonra bir dəqiqə ərzində oyuna qoşula bilməyəcək.

Oyunun dayanmasına səbəb olan zədələnmiş futbolçu isə müəyyən istisnalar xaric, qarşılaşma bərpa olunduqdan sonra bir dəqiqə ərzində meydandan kənarda qalacaq. Oyunun bərpasının gecikdirilməsinin qarşısını almaq məqsədilə hakimin fiti ilə 5 saniyəlik geri sayım başlayacaq. Aut atışının gecikdirilməsi zamanı top rəqib komandaya veriləcək, qapıdan zərbənin gecikdirilməsi halında isə rəqib xeyrinə künc zərbəsi təyin olunacaq.

VAR sistemi isə aşkar səhvdən ikinci sarı vərəqədən qaynaqlanan qırmızı vərəqələr, aşkar səhvdən təyin olunan künc zərbələri, standart vəziyyətlərdə top oyuna girməzdən əvvəl baş verən və qol yaxud penalti ilə nəticələnən qayda pozuntuları, həmçinin hakimin yanlış oyunçunu cəzalandırdığı məqamlarda işə düşə biləcək.

Bundan başqa, danışarkən ağzın bağlanması sarı vərəqə ilə cəzalandırılacaq. Gizlədilən ifadələrin matçdan sonrakı araşdırmalar nəticəsində təhqiramiz sözlər olduğu sübuta yetirilərsə, intizam komitələri tərəfindən müvafiq sanksiyalar tətbiq ediləcək. Su fasilələri isə yalnız temperatur 32 dərəcə və daha yüksək olduqda təşkil ediləcək və hakim bu fasilənin hər hissə üçün 3 dəqiqəni keçməməsini təmin edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest