La Liqa prezidenti Xavyer Tebas 2026-cı il dünya çempionatının təşkilinə görə FİFA-nı və qurumun rəhbəri Canni İnfantinonu sərt tənqid edib.

Matc.az xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"FİFA hər şeyi futbol üçün yox, öz maraqlarına uyğun olaraq istədiyi kimi təşkil edir. Əgər onlara 27 dəqiqəlik fasilə lazımdırsa, bunu edirlər. Su fasilələri vermək sadəcə bir şoudur. La Liqada da bu var, lakin yalnız hava həqiqətən çox isti olduqda tətbiq edilir. Burada isə Dallas, Los-Anceles və Atlanta stadionlarında kondisionerlər işləyirdi. Hətta mən tribunada sviter geyinməli oldum. Bu, sadəcə reklam fasiləsi, bir göz boyama idi. Sonra isə Baloqunla bağlı hadisə baş verdi.

Milli komandaların sayının artırılmasının heç bir mənası yoxdur. Futbol sənayesi yalnız dünya çempionatından ibarət deyil, hərçənd bu, ən vacib hadisədir. Lakin hər şey onun ətrafında fırlana bilməz. Məhz daxili çempionatlar bu idman növünü yaşadır. Onlar futbol sənayesini məhv edirlər.

İnfantinonun getmək vaxtı çatıb, onun dövrü bitib. Lakin onu sistem, federasiyalar dəstəkləyir. Müxalif namizədlər yoxdur, heç kim uduzmaq üçün namizədliyini irəli sürmək istəmir. Sistem belədir və o, elə təməlindən korlanıb. ABŞ-də bir çox insandan İnfantinonun əleyhinə sözlər eşitdim, onun etdikləri ilə razı deyillər. Onlar bu barədə danışırlar, lakin sonra heç bir tədbir görmürlər. Sükutun, yoxsa şərikliyin daha pis olduğunu bilmirəm, çünki susanlar futbola nə qədər zərər vurulduğunu çox gözəl anlayırlar", - deyə Tebas açıqlama verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest