İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut" klubunun yeni baş məşqçisi almaniyalı mütəxəssis Marko Rouz olub.

Matc.az xəbər verir ki, bu barədə "albalılar"ın mətbuat xidməti rəsmi məlumat yayıb.

Klubun yaydığı bəyanatda alman məşqçinin təyinatı bu sözlərlə şərh olunub:

"Avstriya və Almaniyada uğurlu dövrlərdən sonra 49 yaşlı mütəxəssis Premyer Liqada karyerasının yeni mərhələsinə başlayır. Elit Avropa təcrübəsi, gənc oyunçuları inkişaf etdirmək bacarığı və aydın futbol vizyonu olan məşqçi Marko Rouz yeni bir çağırışa hazır olaraq "Bornmu"a qoşulur".

Xatırladaq ki, bu ilin aprel ayında komandanın əvvəlki baş məşqçisi Andoni İraola 2025/2026-cı illər mövsümünün sonunda klubdan ayrılacağını bəyan etmişdi. Klub rəhbərliyi ispaniyalı mütəxəssislə əməkdaşlığı davam etdirməkdə israrlı olsa da, ayrılıq qərarını İraola özü qəbul edib. O, rəhbərlik etdiyi 3 mövsüm ərzində komandanı 121 rəsmi matça çıxarıb və bu oyunlarda "Bornmut" 45 qələbə, 35 heç-heçə, 41 məğlubiyyət qeydə alıb.

Yeni baş məşqçi Marko Rouz isə İngiltərə təmsilçisinə gəlməzdən əvvəl, 2022-ci ilin sentyabrından 2025-ci ilin martına qədər Almaniyanın "Leypsiq" klubunu çalışdırıb. 49 yaşlı alman mütəxəssis altında "Leypsiq" Almaniya Kubokunun və Almaniya Superkubokunun qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest