"Hansı komandaya qarşı oynadığımızı bilirdik. Macarıstan elə də sadə rəqib deyil. ümidimiz var idi ki, bu oyunda yaxşı nəticə qazanacağıq, amma ilk dəqiqələrdən standart vəziyyətdən məğlub ayrıldıq. Bu da nəticədə rəqibin daha yaxşı oynamasına gətirib çıxardı. İkinci hissədə bir qol vurduq, fərqi azaltdıq, amma ondan artığına gücümüz çatmadı". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Qara Qarayev AVRO-2020-nin seçmə mərhələsinin III turunda evdə Macarıstana 1:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi sonra jurnalistlərin suallarını cavablandırıb.

- Meydanda həm lider çatışmırdı, həm də komanda ruhu yox idi sanki. Hər iki millidə çıxış etmisiniz deyə Rəşad Sadıqovlu milli komanda ilə hazırkı milli komanda arasında fərq görürsünüzmü?

- Düzdür Rəşad Sadıqov milli komanda üçün həmişə vacib oyunçulardan biri olub. Bu gün o yoxdu, onun yerinə oynayan futbolçunun pis oynadığını düşünmürəm. Məncə Maksim komandaya heç də pis liderlik etmir. Rəşad milli komandanı yaşına görə tərk etdi. Bu gün ruhsuz oynayırdıq deməzdim, çünki ilk hissədə hər şey bizim istədiyimiz kimi idi, sadəcə qapımızda qol gördük. Bu oyunun nəticəsinə təsir etdi.

- Macarıstandan xal ala bilərdinizmi, sizcə komandada nə çatmadı?

- Qol vurduqdan sonra ümid yaranmışdı, amma rəqibin futbolçularının ustalığı özünü göstərdi. Biz də meydana uduzmağa çıxmırıq, əlimizdən gələni edirik ki, yaxşı nəticə qazanaq, amma alınmır.

- Rəqibin ikinci qolu zamanı komandanın müdafiəsində nə baş verdi?

-  Yenə standart vəziyyətdən sonra rəqib fərqləndi. Müdafiənin önünə top atıldı, ikinci ötürmədən sonra qapımızda qol gördük. Yenə standart vəziyyətdən qol buraxdıq.

-  Artıq 3 gün sonra Slovakiya millisi ilə oyun var, həmin görüşə necə hazırlaşacaqsınız?

-  Bizim başqa yolumuz yoxdur. Hazırlaşıb növbəti matç üçün meydana çıxıb oynamalıyıq. Bu gün məğlub olduq növbəti oyuna çıxıb oynamırıq deyə birşey yoxdu. Əlbəttə bu gün bu qədər azarkeş önündə meydandan məğlub ayrılmaq bizim üçün çətindir. Bir vətəndaş kimi mənim üçün, bütün komanda üçün ağırdır və bizə pis təsir edir.

-  Slovakiya ilə matçda xal qazanmaq realdırmı?

-  Bu, çox çətin qrupdu. Tək biz yox, hər kəs deyir, bu, bəhanə deyil. Qrupun favoriti biz deyilik. Biz ən axırıncı yer üçün vuruşuruq.

-  8 oyundan sonra 1 xal belə qazana bilməyəcəyinizdən qorxmursunuz ki?

-  Əlimizdən gələni edirik. Real danışmaq lazımdır, biz hər iki oyunda xal almağa yaxın olmuşuq. Hər iki matçda rəqib futbolçuların ustalıq səviyyəsi bizi xal qazanmaqdan məhrum edib. Ona görə danışılası heç nə yoxdur.

-  Sizcə, azarkeşlər bu gün məğlub oldunuz deyə, 3 gün sonrakı oyunda sizi tək qoyacaq?

-  Bu gün göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarıq. Uzun müddətdir ki, milli komandanın oyunlarında belə atmosfer olmurdu. Hər birinə təşəklür edirəm. Düzdür, biz onların dəstəyinə qarşılıq verə bilmədik, amma bu bayraq altında meydana çıxan hər kəs, bütün komanda onlarındır. Azarkeşlərə bir daha təşəkkürümü bildirirəm.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest