Uzun müddət çempionata liderlik etməsinə baxmayaraq, mövsümü ikinci pillədə tamamlayan "Neftçi" son bir ildə olduğu kimi, yenə transfer çalışmalarına sürətli başlayıb. Ancaq görünən odu ki, klub rəhbərliyi ötən mövsümün əvvəlində və qış fasiləsində etdiyi səhvlərdən dərs çıxarmayıb.

Yayda aldığını qışda göndərməkdə mahir olan prezident Kamran Quliyevin briqadası yenə bu qəbildən olan futbolçularla "güclənmək" niyyətindədi. Mövsümboyu komandanı dəfələrlə "ölümdən qurtaran" qapıçı Səlahət Ağayev çox güman ki, "Neftçi"ni tərk edəcək. Səbəb kimi maliyyə şərtləri göstərilir. Lakin bizdə olan məlumata görə, Ağayev yeni müqaviləyə komandaxili problemlərə görə yaxın durmur.

Yəqin ki, Səlahət getdikdən sonra adına min cür söz çıxacaq. "Qəsdən qol buraxdı", "Neftçi" adına yaraşmayan hərəkətlər elədi" və hətta "zəif idi" kimi fikirlərə hazır olmaq lazımdı. Halbuki, geridə qalan mövsümü Səlahət üçün kifayət qədər uğurlu saymaq olar. Hətta bu parlaq çıxış sayəsində milli komandada da "bir nömrə" olması gözlənilirdi.

Onu "Neftçi"də son illər həm meydandakı performansı, həm də ondan kənardakı davranışları ilə hərtərəfli üstələdiyi Kamran Ağayev əvəz edəcək.

Bu, hələlik ən böyük ehtimaldı. O Kamran ki, Premyer Liqanın sonuncusunun "yarasına məlhəm" ola bilmədi. Yığmamızın əsas qapıçısından "Keşlə"də çox şey gözləyirdilər. Amma o, sıradan qapıçı təsiri bağışladı, 19 görüşdə qapısından 23 top buraxdı.

Məlum məsələdi ki, əvvəlki Kamran Ağayevdən əsər-əlamət qalmayıb. Bu öz yerində. Əsas problem Kamranın vaxtilə "Neftçi"nin əzəli rəqibi olmuş "Xəzər Lənkəran"da çıxış etməsi və həmin dönəmdə yaşananlardı. Qolkiper cənub klubunda olarkən hər imkan düşdükcə "Neftçi"nin bostanına daş atır, bu komandanın futbolçuları və azarkeşləri ilə daim gərgin münasibətdə olurdu. O zaman "heç vaxt "Neftçi"də oynamaram" deyən Kamranın fikrini dəyişməsinə görəsən nə səbəb olub? Bəlkə də, əvvəlki gücündən uzaq olması və belə bir vaxtda "Neftçi" kimi imkanlı klubdan təklif alması.

Azərbaycan futbolunda bu kimi halların normal olduğunu nəzərə alsaq, 33 yaşlı qapıçının "Neftçi"yə keçməsinə, hətta bir müddət sonra kapitanlıq sarğısını taxmasına da təəccüblənmərik. Ancaq dəyişməyəcək iki şey var. Birincisi, Ağayevin getdiyi komandalarda daxili ab-havanı pozmasıdı ki, "Neftçi" rəhbərliyi də buna hazırlıqlı olmalıdı. Digəri isə "Neftçi" azarkeşlərinin reaksiyası. "Ağ-qaralar"ın çılğın fanatları çətin ki, vaxtilə onları qəbul etməyən birinə indi qucaq açsınlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest