Azərbaycan milli komandasının sabiq futbolçusu Vaqif Cavadovun matc.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə komanda sayının eyni saxlanılmasına münasibətiniz necədi? Bu qərarı gözləyirdiniz?

- Hər kəs istəyər ki, çempionatda 14, 16, 18 komanda çıxış etsin. Ən azından, 12 komandalı çempionatın keçirilməsi pis olmazdı. Amma məsələyə real baxmalıyıq. Bugünkü gündə infrastrukturumuz o səviyyədə deyil. Hətta Premyer Liqada çıxış edən bəzi klublar da infrastruktur cəhətdən geri qalırlar. Birinci liqadakı komandalarda da bu baxımdan vəziyyət ürəkaçan deyil. Buna görə də hesab edirəm ki, növbəti mövsümün 10 komanda ilə keçirilməsi doğru qərardı. Premyer Liqaya çıxmaq istəyən klubların akademiyası, təlim-məşq bazası olmalıdı. İnanıram ki, belə klublarımız olsa, Premyer Liqaya buraxılacaqlar.

- Növbəti illərdə çempionatda komanda sayı artırıla bilər?

- Bunun baş verəcəyinə nəinki inanıram, hətta əminəm. Sadəcə, başa düşməliyik ki, bir komanda Premyer Liqada çıxış etmək istəyirsə, bayaq dediyim şəraitə sahib olmalıdı. Hamı deyir komanda sayı çox olsun. Amma infrastuktur o səviyyədə deyilsə, 90-cı illərin meydançasında futbol oynayırıqsa və müasir futboldan danışırıqsa, bu, düzgün gəlmir. İlk növbədə, səbrli olmalı, əvvəlcə infrastrukturu inkişaf etdirməliyik. Bundan sonra komanda sayı artacaq.

- Sabiq komandanız “Qəbələ” növbəti mövsümdə I Liqada çıxış edəcək. Bu, kluba necə təsir edəcək?

- Çoz üzücüdü ki, “Qəbələ” sonuncu yeri tutdu və Premyer Liqanı tərk etmək məcburiyyətində qaldı. Amma güclü akademiyaya və böyük infrastruktura sahib olan klubdu. İnanıram ki, “Qəbələ” birinci liqada çıxış edəcəyi mövsümdə də infrastrukturundan istifadə edərək akademiyadakı futbolçuların yetişdirilməsi üçün böyük işlər görəcək. Fikrimcə, “Qəbələ” 1 ildən sonra asanlıqla Premyer Liqaya geri dönəcək. Hər şey klubun strategiyasından asılı olacaq.

- “Qəbələ”nin Premyer Liqanı tərk etməsinə görə kimi günahkar hesab edirsiniz?

- Uğursuzluğun müxtəlif səbəbləri ola bilər. Təbii ki, bunda klubda çalışan hər bir şəxsin “payı” var. Futbol kollektiv oyundu, yüksəliş də ola bilər, eniş də. Əsas odu ki, buraxılan səhvlərdən nəticə çıxarılsın və komanda Premyer Liqaya geri qayıtsın. Hansısa məqamlarda boşluqlar buraxıldı ki, “Qəbələ” yekunda sonuncu yeri tutdu.

- Vaxtilə rəhbərliyi altında oynadığınız Kaxaber Sxadadze də “Qəbələ”ni uçurumdan xilas edə bilmədi…

- Kaxa ilə bir yerdə çalışmışam, taktikanı yaxşı bilən, güclü məşqçidi. Sadəcə, komandaya tam uyğunlaşması üçün vaxt lazım idi. Çox çətin vəziyyətdə “Qəbələ”də işləməyə başladı. O, gələndə futbolçuların üzərində təzyiq var idi. Üstəlik, Kaxanın özü də təzyiq altında idi. Çünki son dönəmdə Qazaxıstanda işləmişdi və fəaliyyəti yaxşı alınmamışdı. Son turlar göstərdi ki, komanda üzərində təzyiq olmayanda yaxşı futbol sərgiləyir. Qeydə alınan ardıcıl 3 qələbə də bunu təsdiqləyir. Son görüşlər “Qəbələ” üçün formal olsa da, rəqiblərə xallar lazım idi. “Qəbələ” yenə eyni futbolçularla oynayır, sadəcə, indi psixoloji cəhətdən komanda rahatdı. Son 3 oyunu çox gözəl keçiriblər və qələbə ilə başa vurublar. Sxadadze Azərbaycan üçün yaxşı məşqçilərdən sayılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest