"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin "Qalatasaray"ın maraq dairəsində olması xəbəri şayiə deyil. Matç.az saytı xəbər verir ki, bunu "Ərzurumspor"un qolkiperinin meneceri Fatih İlek deyib.

O, yerli mətbuata açıqlamasında Şehiçin hətta "Qarabağ"dan birbaşa "Qalatasaray"a keçmək ehtimalının olduğunu da gizlətməyib: "Şehiçin "Ərzurumspor"la müqavilə müddətinin sonuna hələ bir il qalır. Mövsümün əvvəlində bura gəlməsi üçün böyük mübarizə apardıq. Onu Türkiyədə ən güclü 3 qapıçıdan biri sayıram. Yayda "Qalatasaray", "Fənərbaxça" və "Trabzonspor"dan təklif almışdıq. Əgər klublar arasında anlaşma əldə olunsa, bu komandalardan birinə keçidi üçün ona kömək edərəm".

"Ərzurumspor"un baş məşqçisi Mehmet özdilek isə qolkiperi komandada saxlamağa çalışacaqlarını vurğulayıb: "Şehiç komandamızın aparıcı oyunçularından biridi və yaxşı çıxış edir. Belə məsələlərlə onun başını qarışdırmalarını düzgün saymıram. Əla qapıçımız var və onu asanlıqla vermək fikrində deyilik".

Qeyd edək ki, 2013-cü ildən "Qarabağ"ın formasını geyinən İbrahim Şehiç "Ərzurumspor"a bu ilin yayında keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest