"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 35-ci turunda qarşılaşdıqları "Səbail"lə oyunu (2:2) şərh edib.
 
Matc.az xəbər verir ki, o, oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
- Evdə son oyunumuz idi. Bizim üçün gərgin mövsüm keçdi. Qələbə ilə azarkeşlərə qələbə hədiyyə etmək istəyirdik. Yenə də məğlubiyyətsizlik seriyamızı ilk dəfə 4 oyuna çatdırdıq. Bu, gələcəyimiz üçün vacibdir. Oyun istədiyimiz kimi keçdi. Bilirdik ki, rəqib sonda əvəzləmələrlə heyətini gücləndirə bilir. Bizdə isə yorğunluq var idi. Əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Sevindirici haldır ki, ilk turdan 6-cı pillədən aşağı düşmədik. Bəzi matçlarda daha yuxarı qalxmaq imkanımız var idi. Təcrübəsizlik lazımı oyunlarda xal qazanmağımıza imkan vermədi. İlk ilimiz idi, düşünürəm ki, pis keçmədi. Gələcək bundan da çətin olacaq. Rəqiblər güclənəcək. Gərək biz də güclənək. Bunun üzərində işləyəcəyik.

- Son turlarda, xüsusən də, legionerləri oyunlara kökləmək çətin olmadı? 
- Hələ elə bir oyun olmayıb ki, hansısa futbolçunun həvəssiz olduğunu görüm. Kollektivi yeni yığanda bir çox futbolçularımız öz klublarında oynamırdı. Bəziləri futboldan kənarda qalmışdı. İstək sayəsində çətinlikləri aşdılar. Kubokda məğlub olandan sonra paltardəyişmə otağında uşaqlara dedim ki, çempionatda son 5 oyun bizim üçün finala bərabərdi. Şükürlər olsun ki, bunun ilk 4-də uduzmadıq. Futbolçularımın hamısı əzmkardı. İlin sonunda yorğunluq olur. Əsas odur ki, istək var idi. 

- Artıq neçənci dəfədi üstün olsanız da, sonda qələbə qazana bilmirsiniz. Bunu Təcrübəsizliklə əlaqələndirmək olar?
- Futbolda 0:3-ü 4:3-ə çevirənlər də var. Əlbəttə, təcrübəsizlik, diqqətsizlik var. Bunların üzərində çalışmaq lazımdır. Deməli, işimiz çoxdu.

- Qışdan sonra sanki əvvəlki Natanı görmürük. Bununla bağlı müxtəlif söz-söhbətlər yayılır... 
- Futbolçu böyük komandada oynamaq üçün stabil olmalıdı. Qışdan sonra daha yaxşı olduq. Məsələn, Veysəl Rzayev artıq əsas milliyə layiq oyunçudu. Komandada rəqabət olmasını istəyirik. Kimsə formadan düşəndə onu əvəz edə biləcək oyunçu olsun. Komandanın tempinin düşməməsi önəmlidi. Oduvaya da öz təklifimizi etmişik, futbolçularla danışıq aparırıq. Kiməsə başqa təkliflər varsa, bunu da normal qarşılayacağıq. Məncə, Oduva "Turan Tovuz"da daha çox qazandı. Azərbaycan çempionatına daha yaxşı uyğunlaşdı.

- Xəyal Nəcəfovu komandada saxlaya biləcəksiz? 
- Onun" "Neftçi" ilə birillik müqaviləsi var. "Neftçi"yə rəhbərlik səviyyəsində rəsmən fikrimizi bildirmişik. Yəqin ki, Xəyal özü də burada qalmaq istəyir. İnanıram ki, problem olmayacaq. 

- Sizcə, Premyer Liqanın sonuncu komandası elitada qalmalıdı, yoxsa getməlidi?
- Məncə, bu ildən idman prinsipi qorunmalıdı. "Kəpəz" və "Turan Tovuz" ötən mövsüm I Divizionda oynayırdı, tam peşəkar idilər? Amma bu il peşəkardılar. Bu gün "Araz Naxçıvan"ın haqqına girə bilmərik. Məncə, Premyer Liqanın sonuncusu elitanı tərk etməlidi. Bu qədər gərginlikdən sonra bu qərarı verməmək süni çıxar.

- Növbəti mövsümdə hansısa problemlə üzləşə bilərsiniz?
- Təkcə əsas komanda yox, klub inkişaf eləməlidi. Bu gün "Turan Tovuz"a Premyer Liqada möhkəmlənmək lazımdı. Mütəmadi oynamalıyıq ki, futbolçular bura gəlsinlər. Şəraitimiz də yaxşı olmalıdı ki, futbolçuların istədiyini verək. Bu gün futbolla yaşayan, bu idman növünü sevən insanlar klubun başındadı. Yavaş-yavaş yuxarı pillələrə getməliyik. İndi desək ki, gələn il avrokuboka getməliyik, bu, tələsik addım olacaq. Bizim üçün gələn il keçid dövrü olacaq. Bu il formalaşdıq, gələn il daha yaxşı olacağıq. Ondan sonrası büdcədən asılı olacaq. İnanıram ki, üçüncü ildə daha iddialı olmaq olar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest