"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 23-cü turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Hər bir qələbə həmişə xoş olur. Əsasən də ağır durumda, məğlubiyyətdən sonra buna nail olmaq olduqca xoşdur. Mübarizəli oyun gördük. Dramatik oyun oldu. Hesab çox dəyişdi. Bəlkə də ilk dəfə idi ki, bu qədər həyəcan keçirirdim. Futbolçuların əzmkarlığı, istəyi yaxşı idi. Uşaqlara tapşırmışdım ki, baxımlı oyun deyil, nəticə qazanın. Mübariz kollektiv oyun nizam-intizamını qoruyaraq azarkeşləri də sevindirdi. Bizə də ümid verdilər ki, daha rahat işimizi görək. Bu oyuna görə futbolçularıma təşəkkür edirəm.
 
Mən bu kluba gələn gündən söz-söhbətlər var. Bu mövzuya qayıtmaq istəmirəm. "Səbail"i burda udanda, "Qarabağ"la heç-heçə edəndə də məni istefaya səsləyirdilər. May ayına kimi müqaviləm var. Premyer Liqada qalacağıq, ondan sonra oturub söhbət edərik. Hər zaman təzyiqə məruz qalmışam. Bu, hər zaman olacaq. Hamı məni sevə və ya nifrət edə bilməz. İstəyirəm ki, hamı "Kəpəz"in ətrafında birləşsin. Premyer Liqada qalaq, ondan sonra kimi istəsələr, gətirsinlər. Heç bir komandadan zəif oynamırıq. "Kəpəz"in, "Neftçi"nin böyük tarixi var. Bu klubların tarixi mənim üçün önəmlidir. Mənimlə kiminsə ədavəti varsa, evimin qapısı hamının üzünə açıqdır. Evim şəhərin mərkəzindədir. Şəxsi münasibət kənarda qalmalı, hamı "Kəpəz"in ətrafında birləşməlidir. Daha yaxşı nəticələr istəyirəm, ona görə də, işimi davam etdirəcəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest