"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 22-ci turunda "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyuna çətin vəziyyətdə hazırlaşmışdıq. çünki Şamaxıda qar yağıb və məcburiyyətdən Bakıda məskunlaşmışıq. Burada qalmağımızın da bəzi çətinlikləri var. Buna baxmayaraq, futbolçularımıza tapşırıqlar vermişdik və onun da öhdəsindən gəldilər. Xüsusilə də, ikinci yarıda istədiyimiz futbolu sərgilədilər. Təəssüflər olsun ki, qol vura bilmədik. "Sumqayıt"ı təbrik edirəm, layiqli qələbə qazandılar. Gələcək oyunlarda onlara uğurlar arzulayıram. Azarkeşlərimizə soyuq havada, uzun yol qət edib bizi dəstəkləməyə gəldikləri üçün təşəkkürümü bildirirəm.
 
Qış fasiləsindən sonra işimizin çətin olacağını bilirdik. Rəqiblərin heyətində keyfiyyətli legionerlər var. Biz isə sıfırdan formalaşmışıq. Amma əlimizdən gələni edəcəyik ki, xal toplayıb elitada qalaq. Komandada maliyyə problemləri yoxdur. Əsas problem qar yağdığına görə stadionumuzdan istifadə edə bilməməyimizlə bağlıdır. Bakıda məskunlaşmışıq. O da müəyyən çətinliklər yaşadır. Hərə bir tərəfdən məşqə gəlir. 
 
Qışda heyətə 1-2 təcrübəli oyunçu cəlb etmək istəyirdik. Təəssüf ki, klubları buraxmadı. Futbolçular da klublarında ehtiyatda qalmağı seçdilər. İndiki heyətdə kifayət qədər təcrübəli oyunçu var. Strategiyamız gəncləri inkişaf etdirməkdir. Təcrübəlilər də onlara kömək edir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest