Futbol meneceri Firaiz Əliyevin matc.az saytına müsahibəsi

- Məşqçi və futbolçular Premyer Liqanın cari mövsümünü tez-tez dəyərləndirirlər. Menecer gözü ilə çempionatın ilk 7 turu necə göründü?
- çox zəif. İki komandanın çıxışını fərqləndirmək olar. "Sabah" və "Turan Tovuz"da isə məşqçi işi görünür. "Sabah" normal transferlərlə diqqət çəkdi. Tovuz klubunda isə o  futbolçularla qazanılan xallara görə Ayxan Abbasova alqış düşür.

- Klubların zəif çıxışını nə ilə əlaqələndirmək olar?
- Məşqçilərin səriştəsizliyi, düzgün futbolçu seçməmələri ilə. Komandalarına gözüyumulu oyunçu götürürlər. 3-4 minə əcnəbi gətirməkdənsə, elə yerli gənclərə üstünlük vermək, onları inkişaf etdirmək lazımdı. Transfer siyasəti çox zəif aparılır.

- Yay fasiləsində iddialılardan "Qarabağ", "Zirə" və "Qəbələ" az, "Neftçi", "Sabah" çox transferlə yadda qaldı. Hansı komandanın transfer siyasətinə müsbət qiymət vermək olar?
- "Zirə" 2-3 yüngül transfer elədi. üstəlik, avrokuboklarda oynayan komanda idi. Baş məşqçi Rəşad Sadıqovla yaxşı əlaqəmiz var. O bildirir ki, istədiyim oyunçunu gətirə bilmirəm. Təhlil edəndə görürsən ki, düz deyir. Ucuz qiymətə gətirməyin mənası yoxdu. Sadıqov normal oyunçu istəyir. Avrokuboklarda iştirak edən komanda heç olmasa 200-300 minlik oyunçular transfer eləməlidir, 60-70 minə gələnlə Avropada uğur qazana bilməzsən. İlk növbədə "Qarabağ"ın transfer siyasətini müsbət qiymətləndirmək olar. Onların oyunçu seçiminə söz ola bilməz. "Sabah" da bu mövsüm yerində transferlər edir. Bu komandanın baş məşqçisi Murad Musayevi Rusiya futbolundan tanıyıram, həmin ölkə ilə əlaqələrim yaxşıdı. Musayevin bacarığına inanıram. "Sabah" ötən mövsümün sonlarında artıq özünə gəlmişdi. Hardan-hara yüksəldilər, az qala avrokuboklara vəsiqə qazanacaqdılar. Bu mövsüm isə iddialıdılar. "Qarabağ"a 3:4 hesabı ilə məğlub olduqları çempionat matçında hakim səhvləri olmasaydı, xal alacaqdı.

- "Sumqayıt" əcnəbi transferlərə baxmayaraq, uğursuz nəticələr göstərdi və baş məşqçi Aleksey Baqa ilə yollarını ayırdı. Sizcə, "kimyaçılar"da bu dəyişiklik yaraya məlhəm ola biləcək?
- "Sumqayıt"da problem baş məşqçi idi, onu da yola saldılar. Düzdü, "Sumqayıt"da əcnəbi həmişə olub. Sadəcə, yerli status alırdılar, milli komandaya çağırılırdılar. Yayda gətirdikləri əcnəbilərlə ortaya bir şey çıxarılmayıb. Aleksey Baqa ayrı ideya yeritmək istəyirdi, alınmadı. Ayxan Abbasov, Samir Abasovun dövründə "Sumqayıt" indikindən ikiqat güclü idi. üstəlik, heyətləri də indikindən zəif idi. Aftandil Hacıyev, Samir Abasov kimi nəticə verməyi bacaran yaxşı yerli məşqçilərimiz var. Elə yerli mütəxəssislərdən birini gətirsinlər.

- Bu mövsüm Azərbaycanı avrokubokların qrup mərhələsində yenə "Qarabağ" təmsil edir. Niyə digərləri Ağdam klubu kimi stabillik əldə edə bilmir?
- "Qarabağ"da başda Qurban Qurbanov olmaqla, böyük iş gedir. Orada prezident məşqçinin, məşqçi də prezidentin işinə qarışmır. Hər kəs öz işi ilə məşğuldu. İndi də bəhrəsini görürlər. Top-klub yaratmaq üçün belə çalışmaq lazımdı.

- Yəni digər klublarda prezident baş məşqçinin işinə müdaxilə edir?
- Bəli. Gələn mütəxəssis İo Kio baba deyil ki, əlində sehrli çubuq olsun. Bizdə yaxşı məşqçilər var, şərait yaratmırlar. Adicə uşaq məşqçisi 10 yaşlı yeniyetmə barədə deyir ki, bunun qabiliyyəti yoxdu. 10 yaşlı uşağın nə qabiliyyəti olacaq? Sən bunu öyrətməlisən ki, nəsə olsun. Uşaq komandalarına deyirlər ki, çempionatda yer tutmalısan, medal gətirməlisən. Sənə yer lazımdı, yoxsa futbolçu yetişdirmək? İş uşaq futbolundan yanlış qurulub. Rayonlarda uşaq məktəbləri olmalıdı. Bəziləri rayon komandasıdı, yenə gəlib Bakıda oynayır.

- Hər il ölkəmizə yeni əcnəbi futbolçular gəlir və bir o qədəri buranı tərk edir. İldən-ilə əcnəbilərin səviyyəsi güclənir, yoxsa zəifləyir?
- Zəifləyir. Bu da maliyyə ilə bağlıdı. Menecer də gərək hansı futbolçunu hara gətirdiyinə baxsın. Yaxşı futbolçu da 200-300 mindən aşağıya razılaşmır. 30-40 minə gətirdiyin nə futbolçu olacaq? Ondansa həvəskarlar liqasından cavanları cəlb eləmək daha xeyirli olar.

- Menecer kimi daha çox Azərbaycana futbolçu gətirməkdə, yoxsa buradan çıxarmaqda maraqlı olursunuz?
- Buradan oyunçu çıxaranlar arasında birincilərdən olmuşuq. Sadəcə, imkan vermədilər. Kurban Berdiyev o vaxt "Rubin"i çalışdıranda, Araz Abdullayevi o komandaya aparırdıq. Hətta müqavilə də bağlanmışdı. Arazın ardından Mirhüseyn Seyidov, Ağabala Ramazanov, Tərlan Quliyev və Coşqun Diniyev də gedəcəkdi. Bütün skautlar gəlib oturmuşdular Azərbaycanda. Sadəcə, Arazın "Rubin"ə keçidi son anda baş tutmadı, digərləri də elə qaldı. Amma indi bir az çətindi. Latviya, Litva kimi ölkələrə futbolçu verməyə nə var ki. Hazırda 3-4 oyunçumuz var ki, onların xaricə yollanması gündəmdədi. İnşallah, alınar.

- ölkəmizə gətirdiyiniz ən güclü futbolçu və məşqçi kimlər olub?
- "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin adını deyə bilərəm. Futbolçulardan isə "Neftçi"də oynamış Emil Mpenza, Bahodir Nasimov və "Qəbələ"nin hücumçusu olmuş Daniel Subotiçi vurğulamaq istərdim. Daha digərlərini demirəm, "ağır artilleriya"nı irəli verdim.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest