"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:7 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Danışılacaq nəsə yoxdur. Rəqib bizdən üstün idi. "Qarabağ" bu gün böyük motivasiya ilə oynadı. Belə məğlubiyyətin bir çox səbəbləri var. Birinci qolu buraxmağımız rəqibdə inamı artırdı. Kobud səhvlərimiz oldu. "Qarabağ" 8 qol epizodu yaratdı və bunların 7-si qol oldu. "Qarabağ" bu gün nə vururdusa, hamısı qol olurdu. Ramil Şeydayevin epizodundan başqa boşa verilən qol anı xatırlamıram".
 
Sadıqov rəqibin bu gün qarşısıalınmaz olduğunu söyləyib: "Hesabın böyük olmaması üçün müəyyən dəyişikliklər etdik. Amma alınmadı. Müdafiədə boşluqlar var idi. Bu gün Musa Qurbanlının günü idi. Onda hər şey alınırdı. Bizim üçün uğursuz gün idi. Rəqib üçün isə uğurlu gün oldu. İlk hissədə qapalı futbol oynayaraq əks-hücumlara bel bağlamaq niyyətində idik. Birinci hissədə qol vurduq, amma sistem işləmirdi. Hücum xəttini gücləndirmək niyyətində olsaq da, əks effekt verdi. Qismət Alıyev zədəli olduğu üçün ikinci yarıda meydana buraxdıq. Keyta da eyni durumdur. Onu da eyni səbəbdən ikinci hissədə əvəzlədik. Bir çox futbolçu bu gün ən zəif oyunlarını keçirdilər. Rəqib də çox sürətli və dinamik çıxış edirdi. Mənim oyun fəlsəfəmdə meydanın mərkəzindən cərimə meydançasına asma yoxdur".
 
Mütəxəssis bu məğlubiyyətin komandada inamsızlıq yaratmayacağını sözlərinə əlavə edib: "Hər baş məşqçinin karyerasında belə məğlubiyyətlər olur. Mən də özümü hazırlayırdım. Bu gün belə alındı. Qarşıda iki həlledici oyunumuz var. Bu gün üçün xala, qələbəyə ümidli idik. Amma reallıq odur ki, "Qarabağ" bizdən 2-3 baş üstündür. Vacib olan növbəti matçlarımızdır".
 
Sadıqov son olaraq "köhlən atlar"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib: "Komanda möhtəşəm çıxış edir. Hazırda növbəti matç barədə düşünməlidirlər və qrupdan çıxmaq barədə danışmamalıdırlar".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest