"Qarabağ" avrokuboklarda növbəti oyununu keçirdi. Matc.az xəbər verir ki, Azərbaycan çempionu çemionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə "Ferensvaroş"la qollu bərabərə qaldı. Macarıstan təmsilçisi önünə ciddi itkilərlə çıxan Ağdam klubu yenə hesabda geri düşməsinə baxmayaraq, məğlub olmadı, hətta qələbə imkanını son anda əldən verdi.

"Qarabağ" (Azərbaycan) – "Ferensvaroş" (Macarıstan) – 1:1
Qollar: Kvabena Ovusu, 34 - Frank Boli, 17Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər: Andreas Ekberq, Mehmet Culum, Niklas Niberq, Adam Ladebek (hamısı İsveç)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 27. Toral Bayramov, 2. Qara Qarayev, 8. Marko Yankoviç (6. Julio Romao, 83), 19. Filip Ozobiç (77. Ramil Şeydayev, 79), 11. Ovusu Kvabena, 10. Abdullah Zubir, 25. İbrahima Vadji (15. Leandro Andrade, 90+3)
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
"Ferensvaroş": 90. Deneş Dibus (k), 3. Sami Mmae (25. Rasmus Telander, 57), 4. Mats Knuster (15. Adnan Kovaçeviç, 67), 17. Eldar çiviç, 21. Endre Botka, 13. Anderson Esiti, 93. Ayssa Layduni (5. Muhammed Beşiç, 88), 20. Adama Traore, 16. Kristoffer Zakariassen, 10. Tokmak Nquen, 70. Frank Boli (19. Balint Veçsey, 67)
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Şoboş Merql, 23. Lorand Paşka, 28. Karlos Auski, 44. Stepan Lonçar, 50. Markinyoş, 76. Kristian Listes
Baş məşqçi: Stanislav çerçesov

4 məcburi, 2 taktiki əvəzləmə
Adətən mərhələ adladıqca rəqiblər güclənməklə yanaşı, heyətlə bağlı problemlər də artır. "Qarabağ"ın heyətindəki bütün sıxıntılar isə məhz bu matçda cəmləşmişdi. "Lex" və "Sürix" önünə ideala yaxın heyətlə çıxan və cüzi dəyişikliklərlə kifayətlənən Qurban Qurbanov bu dəfə "11-liy"i müəyyənləşdirmək üçün çox baş sındırmalı oldu. çünki "Sürix"lə İsveçrədəki qarşılaşmada qazanılan zəfərin fonunda ciddi itkilər oldu. Həmin görüşdə zədələnərək mübarizəni davam etdirə bilməyən mərkəz müdafiəçiləri Maksim Medvedevlə Kevin Medina bu dəfə "23-lüy"ə salınmamışdı. Eyni zamanda passivində 3 sarı vərəqə olan yarımmüdafiəçi Riçard Almeyda və komandanın qol yükünü çiyinlərində daşıyan Kadi Borqes də görüşü tribunalardan izləməli idi. Müdafiəçi Elvin Cəfərquliyev və hücumçu Ramil Şeydayevin bu dəfə ehtiyata atılması isə baş məşqçinin taktiki seçimi idi.

ümumilikdə keçən həftədəki matçla müqayisədə start heyətində düz 6 dəyişiklik olmuşdu ki, bunun 3-ü müdafiə xətti ilə bağlı idi. Müdafiə "4-lüy"ündən yalnız Marko Veşoviç meydandakı yerini almışdı. "Sürix"lə cavab qarşılaşmasında sonradan oyuna qoşulan Bədavi Hüseynov, Bəhlul Mustafazadə və Toral Bayramov bu dəfə ilk dəqiqələrdən arxa xətdəki yerlərini almışdı. Zədəsini sağaldan Qara Qarayev yenidən heyətdəki yerini tutmuşdusa, onun yanında Marko Yankoviç oynamalı idi. Son vaxtlar formadan uzaq olması ilə diqqət çəkən Filip Ozobiç itkilər fonunda pleymeyker funksiyasını icra etməli idi. Hücum "trio"sundakı yeganə dəyişiklik sağ cinahda Şeydayev yox, "Sürix"lə ikinci duelin qəhrəmanı Kvabena Ovusunun oynaması idi.

Yenə ilk qol rəqibdən

Oyundan-oyuna "Qarabağ"a inam o qədər artıb ki, artıq qarşılaşma start götürməmişdən tribunalar ağzına qədər dolmuşdu, boş yer tapmaq mümkün deyildi. Fanatlar komandanı irəli səsləsə də, ağdamlılar "Sürix"lə Bakıdakı erkən qoldan nəticə çıxarıb tələsik starta ehtiyac duymadı. Düzdü, ilk dəqiqələrdən topa nəzarət təmsilçimizin tərəfinə keçdi. Komanda xırda ötürmələrlə oyun çevirmək, meydanın rəqibə aid hissəsində boşluqlar axtarmağa üstünlük verdi. "Ferensvaroş" da "Qarabağ" kimi, 4-3-3 sxemindən yararlanırdı. Ancaq əsasən müdafiə olunduqlarından, 4-lü müdafiənin önündə 3 dayaq yarımmüdafiəçisi ilə ev sahiblərinin qapıya yaxınlaşmasını çətinləşdirirdilər. Macarıstan çempionu hətta bəzən müdafiədəki oyunçuların sayını 5-ə çatdırırdı. "Ferensvaroş"da ən diqqətçəkən məqam futbolçularının cüssəli olması idi ki, ikili mübarizələr zamanı bu onlara kömək olurdu.

Müdafiədə sıx oynayan qonaqlar Azərbaycan çempionuna keçid imkanı vermirdilər. "Ferensvaroş", həqiqətən də, ilk iki rəqiblə müqayisədə daha kompakt, möhkəm və təcrübəli komanda təsiri bağışlayırdı. Stanislav çerçesovun yetirmələri ilk səhvi 14-cü dəqiqədə buraxdı ki, ondan da İbrahima Vadji yararlana bilmədi. Əvəzində az sonra Macarıstan təmsilçisi hesabı açdı. Ara-sıra irəli atılan "Ferensvaroş"un həmlələrindən birində Ozobiçin topa inamsız toxunuşu qonaqlara korner qazandırdı. Standart vəziyyət zamanı isə qapını ardıcıl top atəşinə tutan "Ferensvaroş" oyunçuları 3-cü cəhdində istəyinə çatdı. Bununla "Qarabağ" seçmə mərhələlərdə keçirdiyi 5-ci görüşündə 4-cü dəfə ilk qolu buraxdı.

Ovusu layiq olduğu qolu vurdu

Hesabda geri düşdüyü matçlardan üçündə geridönüş etməyi bacaran Qurban Qurbanovun yetirmələrinin "Ferensvaroş"a da eyni aqibəti yaşadıb-yaşatmayacağı maraqla gözlənilirdi. Ancaq macarlar həyəcanlanmadan, ciddi təzyiq hiss eləmədən tempi istədiyi axarda aparırdı. Təbii ki, bunda heyətdəki bir çox itkilərin də təsiri var idi. İstənilən halda "Ferensvaroş" "Lex"ə də, "Sürix"ə də tay olmadığını göstərirdi. Ancaq "Qarabağ" da onları əbəs yerə üstələmədiyini göstərməli idi, göstərdi də. 34-cü dəqiqədə standart vəziyyət bu dəfə yerli azarkeşləri sevindirdi. Ozobiçin zərbəsindən sonra qapıçı topu əlində saxlaya bilməyincə, özünü hamıdan birinci yetirən Ovusu toru silkələdi. Bu qol ilk dəqiqələrdən komandanın ən fəallarından olan, həm müdafiə, həm də hücum planında çox iş görən Kvabenanın haqqı idi. Bu top həm də "Ferensvaroş"un müdafiə xəttinin keçilməz olmadığını göstərmək baxımından çox önəmli idi. Komandamız fasilə ərəfəsində hətta ikinci qolu da vurdu. Lakin VAR sistemi sayəsində hakimlər ofsayd qeyd alaraq, qolu hesaba almadı.

İkinci hissədə ehtiyatlı oyun

Yaranan fasilə tempi get-gedə artıran "Qarabağ"ın işinə yaramadı. çünki ikinci hissədə yenidən hər şey sıfırdan başladı. "Ferensvaroş" da artıq müdafiəyə çox qapanmır, daha çox orta sahədə sıxlıq yaradırdı. Meydan sahibləri kiçik də olsa üstünlüyə malik idi. Əsas diqqətçəkən məqam Zubirin geridən oyun qurmağa çalışması və hücumlar zamanı mərkəzə meyillənərək, Torala cinahdan irəliləmək imkanı yaratması idi.

Hiss olunurdu ki, hər iki komanda qol buraxmaqdan ehtiyatlanır. çünki bərabər gücdə olan rəqiblərin duelində 1 qolun belə, böyük hökmü var. Bu amil tərəflərin çox adamla irəlidə pressinq etməsini əngəlləyirdi. Belədə orta sahədə top itkilərinə daha çox yol verilirdi. Hissənin ortalarında Şahruddin Məhəmmədəliyevin çıxışda kobud səhvi az qala macarları yenidən önə keçirəcəkdi. Xoşbəxtlikdən Bəhlul Mustafazadə onu sığortalayaraq, boş qapıya gedən topu xətt üzərindən qaytardı.

Qəhrəman olmaq fürsəti qaçdı

Qurban Qurbanovla müqayisədə Stanislav çerçesov əvəzləmələri bir-birinin ardınca edərək, komandasını meydanda "diri" saxlamağa çalışırdı. "Qarabağ"da start "11-liy"inə əl dəyilməməsi də başadüşülən idi. çünki aparıcı oyunçuların çoxu olmadığından, ehtiyatda sonradan meydana daxil olub, komandanı gücləndirəcək heç kim yox idi. Yalnız Ramil Şeydayev hücumda yeni nəfəs ola bilərdi ki, baş məşqçi də 79-cu dəqiqədə onu döyüşə atdı. O, yorulan Ozobiçi əvəzlədi. Həmçinin Marko Yankoviç də taqətdən düşmüşdü, çatdırmırdı. Bu, fiziki cəhətdən yaxşı vəziyyətdə olan rəqib oyunçularının xeyrinə idi. Bunu tez "oxuyan" Qurban Qurbanov yeni transfer Julio Romaoya son dəqiqələrdə debüt etmək imkanı verdi.

Son dəqiqələrdə "Qarabağ", belə demək mümkünsə, qələbəni əldən qaçırdı. Şeydayevin mükəmməl driblinqini Bəhlul bir metrlik məsafədən topa toxuna bilməməklə puç elədi. Halbuki bu, Mustafazadəni qəhrəmana çevirə, komandamızı isə pley-offa bir addım yaxınlaşdıra bilərdi.

Evdə heç-heçə etməsinə baxmayaraq, "Qarabağ" bu rəqibi də səfərdə üstələmək iqtidarında olduğunu göstərdi. Hər halda itkilərin çoxu gələn həftə sırada olacaq. Xüsusən də, Kadi Borqesin varlığı Budapeştdə komandanın gücünə güc qatacaq.

Qeyd edək ki, "Qarabağ"la "Ferensvaroş" arasında cavab qarşılaşması avqustun 9-da "Ferensvaroş" stadionunda keçiriləcək.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest