"Futbolçularımı təbrik edirəm. çox vacib qalibiyyət idi". Matç.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov deyib.
Yığmamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Farer adaları üzərində böyükhesablı (3:0) qələbə qazanıb. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: "Dünən mətbuat konfransında qeyd etmişdim ki, heç bir çətinlik barədə düşünmürəm. 3:0 hesabı ilə qalib gəlsək də, çətinlik çox oldu. Həm meydança amili, həm düşdüyümüz situasiya. Buna baxmayaraq, futbolçular lazım olan xarakteri geri qaytardı. Bu da hər bir futbolçu üçün önəmli idi. üç gündən sonra bizi daha bir vacib oyun gözləyir. Qısa müddətdə oyunçuları bərpa etməyə çalışacağıq".


- Parelel oyunda Kosovo Maltaya qalib gəldi. Bu nəticələrdən sonra demək olar ki, əsas mübarizə Azərbaycan və Kosovo arasında gedəcək?
- Qətiyyən deməzdim. Bu gün də şahid olduq ki, zəif komanda yoxdu. Qalib gəlsək də, rəqib ciddi mübarizə apardı. Meydanda nə etdiklərini sona kimi bilirlər. Bu üzdən asan olmayacaq. Malta Kosovo ilə görüşdə futbolçusu qırmızı vərəqə alana qədər hesab 1:1 idi. Bu üzdən bu komandaların hər biri istənilən rəqibə qalib gələ bilər.

- Rahil Məmmədovun start heyətində yer alması gözlənilməz idi. Bu riski nəyi gözə alaraq atmışdınız?
- Bunun səbəbləri çox idi. Gördünüz ki, uzun toplarda və standart vəziyyətlərdə çox təhlükəli idi. Əsas Rahili qazanmaq istəyirdik. İstəyirik get-gedə özünü əsas heyət oyunçusu saysın. Potensialı böyükdü. 6-7 aydı bizimlədi. Bu gün oynamağa layiq idi. İlk oyunu olmasına baxmayaraq, güvəndim ona. özünü də yaxşı tərəfdən göstərdi. Nəticə ilə bərabər gələcək üçün də oyunçuları fikirləşməliyik. çətin vəziyyətlərdə onlardan yararlanmalıyıq.

- İlk 15-20 dəqiqə ağır keçdi. Bu rəqibin erkən qol vurmaq istəyindən irəli gəlirdi, yoxsa sizin hansısa planınızın tərkib hissəsi idi?
- Plan deməzdim. Biz də yaxşı başlamaq istəyirdik. Amma istər-istəməz ev sahibləri oyuna yaxşı başlayırlar. üstəlik, meydançaya da onlar daha yaxşı öyrəşiblər. Bu baxımdan bir az çətinlik çəkdik. Rəqibin baş məşqçisi də bildirmişdi ki, erkən qol vurmaq istəyirdilər. Bu baxımdan düşünürəm ki, bizim üçün pis alınmadı.

- Rüfət Dadaşov rəhbərliyiniz altında ilk oyununa çıxdı. Onun çıxışı sizi qane etdi?
- Açığı, Rüfəti əsas heyətdə buraxmaqla risk etdim. çünki çempionat oyunlarından əvvəl bir həftə səhhətində problem yaranmışdı. Soyuqdəyməsi var idi. Klubunda bir məşq etsə də, məşqçisi onu 90 dəqiqə oynatmışdı. Bundan narahat idim. Amma məşqlərdə gördüm ki, oyunçularla anlaşması pis deyil. Razı qaldım. Hələ də düşünürəm ki, bu, onun tam performansı deyil və qarşıdakı matçlarda daha yaxşı Rüfət izləyəcəyik.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest