Azərbaycan Premyer Liqasında yaranmış fasilə XXI turun oyunları ilə başa çatdı. Matc.az xəbər verir ki, III dövrənin son turunda lider dəyişdi.
 
Buna “Neftçi” ilə “Sumqayıt” arasında keçirilən oyunun nəticəsi böyük təsir göstərdi. Son illər “Neftçi”nin ən böyük qəniminə çevrilən sumqayıtlılar “Bakcell Arena”nı bu dəfə də ciddi əziyyət çəkmədən 3 xalla tərk etdilər.
 
Premyer Liqa
XXI tur
 
“Neftçi” – “Sumqayıt” – 0:2
Qollar: Rəhim Sadıxov, 5, 42 (p.)
Baş hakim: İnqilab Məmmədov
“Bakcell Arena”, tamaşaçısız
 
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz (9. Ahmed Ahmedov, 75), 29. Sabir Buqrin, 24. Yusuf Laval (4. Keysuke Honda, 46), 5. Anton Krivotsyuk, 26. Ömər Buludov (22. Mirabdulla Abbasov, 59)
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 49. Rener Alves, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov
Baş məşqçi: Samir Abasov
 
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov (60. Elvin Məmmədov, 63), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov (3. Vurğun Hüseynov, 87), 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev (33. Eltun Turabov, 80), 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
 
Bənzər sistem, fərqli düzülüş
 
Komandalar meydana bir-birinə yaxın oyun sistemi ilə çıxmışdı. Ancaq bənzərlik sadəcə futbolçuların düzülüşü baxımından idi. “Sumqayıt” ənənəvi 5-4-1-ə sadiq qalmışdısa, “Neftçi” 5-3-2 ilə görüşə başlamışdı. Bunun xırdalıqlarına varsaq, ev sahibləri daha çox 3-5-2, qonaqlar isə 5-2-2-1 kimi mübarizə aparmalı idi. Fəhmin Muradbəyli, gənc Mert Çelik, yeni transfer Keysuke Honda, eyni zamanda hücumçular Ahmed Ahmedovla Mirabdulla Abbasovu ehtiyatda saxlayan bakılıların baş məşqçisi Samir Abasov hücumun sivri ucunda Namiq Ələsgərov və Stiven Monroza etibar etmişdi. Halbuki həm Monroz, həm də Ələsgərov daha çox vinger oyunçusudu. Qarşı tərəfin çalışdırıcısı Ayxan Abbasov isə kapitan Vurğun Hüseynov və “Neftçi”dən icarəyə götürülən Cabir Əmirliyə start heyətində yer verməmişdi.
 
Monrozun “dəstəyi”, işə yaramayan gedişlər
 
Oyun gözlənilənin əksinə sürətli başladı. Artıq 2-ci dəqiqədə Monroz şansı qaçırdı. Amma fransalı az sonra rəqibin fərqlənməsinin təməlini qoydu. Məhz onun topu itirməsi ilə başlayan əks-hücumu Rəhim Sadıxov ağıllı zərbə ilə tora qovuşdurdu. Çox keçmədən Monroz yenə əlinə düşən imkanı “göyə sovurdu”. “Neftçi”nin rəqibin müdafiəsində yaxaladığı boşluqlar elə bu 10 dəqiqə ilə əhatə olundu.
 
Getdikcə ritmi tutan “Sumqayıt” hesabın gətirdiyi rahatlıqla komanda şəklində səhvsiz müdafiə olunmağa nail oldu. “Ağ-qaralar”ın mərkəzdən rəqib qapısına yaxınlaşması mümkünsüz görünürdü. Belədə ümid yalnız cinah asmalarına qalırdı. Bu ötürmələri isə “kimyaçılar”ın ucaboy müdafiəçiləri “kəsirdilər”. Bunun bir fayda vermədiyini görən bakılılar başqa metodla bəxtlərini sınadılar. Namiq və Monroz sola meyillənərək sağ cinahı unutdurmağa çalışdılar. Bunda müəyyən mənada uğurlu da oldular. Lakin bəzən Ömər Buludov, bəzən də 100-cü matçına çıxan kapitan Emin Mahmudov həmin mövqedən cərimə meydanına daxil olsa da, son ötürməni düzgün verə bilmədi.
 
Oyundan qopan Laval və antiqəhrəman hücumçu
 
Çox keçmədən sumqayıtlılar bu planı da “oxuyaraq”, lazımi tədbiri ala bildilər. “Neftçi” növbəti çıxış yolunu mərkəzdə çoxluq təşkil edib, cinahlardakı oyunçulara uzun ara pasında gördü. Ömərdən fərqli olaraq, sol cinahda Yusuf Laval komanda yoldaşlarını başa düşə bilmirdi. Ümumilikdə nigeriyalı çox ləng görünür, ansambldan geri qalırdı. Bunda onun alışdığı mövqedə oynamamasının da rolu az deyildi. Rəqibi ilə müqayisədə “Sumqayıt” daha çox mərkəzdə çoxalmağa və əks-hücumu da buradan qurmağa çalışırdı. Elə 40-cı dəqiqədə belə həmlələrin birində fərq 2 topa çatdı. Xəyal Nəcəfovun qazandığı cərimə zərbəsi zamanı Monroz topa əllə blok qoyaraq bir növ ikinci qolun da “assistini etmiş” oldu. Təyin olunan penaltini isə Sadıxov dəqiq yerinə yetirdi. Bu, Monrozun antiqəhrəmanlığını bir qədər də möhkəmlətdi.
 
Gözlənilən debüt, ardıcıl sistem dəyişiklikləri
 
Fasilədən dərhal sonra meydana daxil olan Honda Azərbaycan çempionatında debütünü rəsmiləşdirdi. Laval-Honda əvəzləməsi oyun sistemini də dəyişdi. Komanda artıq 4-4-2 taktiki düzülüşündə mübarizə aparmalı idi. Honda sağa, Sabir Buqrin isə sola meyilli çıxış edirdi. Bu dəyişiklik ilk 15 dəqiqədə qonaqlara heç bir çətinlik yaratmadı. Nəticədə Samir Abasov növbəti əvəzləməyə əl atdı. Mirabdulla Abbasovun oyuna qoşulması 4-3-3-ü formalaşdırdı. Mərkəz hücumçusu Mirabdullaya cinahlardan Namiqlə Monroz dəstək verməli idi. Buludovun əvəzlənməsi ilə müdafiənin sağında yaranan boşluğu isə Mamadu Kane doldurdu. Ayxan Abbasovun gedişi isə orta sahədə ayağında top saxlamağa hesablandı. Elvin Məmmədovun oyuna qoşulması buna xidmət edirdi. Həmçinin Xəyal Nəcəfovun ikinci sarı vərəqə almaq ehtimalı da nəzərə alınmışdı. “Sumqayıt”ın əsas problemi Əli Qurbaninin əksər epizodlarda irəlidə tək qalması idi. Forvard topu qəbul edib, ayağında “gizlətsə” də, komanda yoldaşlarının hücuma çıxması üçün çox gözləməli olurdu. Belədə də “Sumqayıt”ın kəsərli əks-hücumları başlamadan bitirdi.
 
Rəqibi qəzəbləndirməyə hesablanan qırmızılıq hərəkət
 
Bir epizodda Camaləddin Xocaniyazov ona qarşı edilən xırda fouldan sonra futbol bicliyini işə salmağa çalışdı. Rusiyalı müdafiəçi yerdə uzanılmış vəziyyətdə Namiqi təpiklə vurdu. Məqsədi çox güman ki, hesabın da yaratdığı əsəblə rəqibi özündən çıxarıb ona qırmızı vərəqə aldırmaq idi. Ancaq Ələsgərovun reaksiyası gözlədiyi qədər sərt olmadı. Nəticədə rəqibə sarı aldırsa da, özü də sarı vərəqəyə “layiq görüldü”. Halbuki Xocaniyazov bu hərəkətinə görə qırmızı vərəqə də ala bilərdi. Ələsgərov isə təxribata uyduğu üçün cəzalı duruma düşdü və növbəti turu buraxmalı olacaq.
 
Samir Abasovun axtarışlarına həmkarının düzgün reaksiyası
 
Komandasının məğlubiyyətdən qaçması üçün axtarışlarını davam etdirən Samir Abasovun 3-cü əvəzləməsi “Neftçi”nin matç ərzində 4-cü oyun sisteminə keçməsinə gətirib çıxardı. Ahmed Ahmedovun meydana daxil olması taktikanı 4-2-4-ə çevirdi. Ayxan Abbasov isə uğurlu sisteminə sadiq qalırdı. Rəqibin durmadan sistemdə və oyunçuların düzülüşündə dəyişikliklərə getməsinə baxmayaraq, “Sumqayıt” futbolçuları bunun hamısına düzgün reaksiya verməyi bacardı. Yalnız 87-ci dəqiqədəki son əvəzləmə baş məşqçinin artıq əks-hücumu unudub sırf hesabı qorumasına xidmət etdi. Çünki Vurğun Hüseynov meydandakı müdafiəçilərin sayını 6-ya çatdırdı. Bu da qonaq komandanın çıxışına əks təsir göstərdi. Əlavə olunmuş dəqiqələrdə Sabir və Mirabdulla çərçivəni düzgün nişan alsaydı, 90 dəqiqə etibarlı müdafiə olunan “Sumqayıt” qələbəni belə, əldən verə bilərdi.
 
Çempionluq yolunda dünya ulduzundan sarı ilə “kömək”
 
Beləliklə, “Neftçi” uzun müddətdi liderlik etdiyi turnir cədvəlindəki mövqeyini dünya ulduzu Keysuke Hondanın debüt matçında itirdi. Halbuki yaponiyalının təqdimat mərasimində klub prezidenti Kamran Quliyev onu komandaya çempionluq qazandırmaq üçün gətirdiklərini açıqlamışdı. Hondanın isə meydanda aciz göründüyü ilk matçında bacardığı yeganə iş sarı vərəqə almaqla komandasına “kömək etmək” oldu. Ardıcıl 4-cü oyundu ki, “Sumqayıt”ın “belini yerə vura bilməyən” “Neftçi” son 3 ev matçında da rəqibindən cəmi 1 xal qopara bilib. Bu məğlubiyyət “Qarabağ”ı son dövrə öncəsi liderliyə yüksəltdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest