"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirilib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirilib. 
 
Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Diqqətlə baxıb, təhlil etmək lazımdır. "Qarabağ" əlinə düşən fürsətlərdən yaxşı istifadə edir. İlk hissədə qapıya iki top gəldi və qol oldu. Hücumda passiv idik. Oyun ərzində "Qarabağ"ın 100 faizlik epizodu olmayıb. Məyusuq, lakin önümüzə baxmalıyıq. Qarşıda "Qəbələ" səfəri var, yaxşı hazırlaşmalıyıq.
 
- Futbolçular çox səhv etdi. Bu məğlubiyyəti fərdi səhvlərlə əlaqələndirmək olar?
- Top itkilərimiz oldu. Rəqibin etdiyi pressinqi də nəzərə almaq lazımdır. Rəqibdən bunu gözləyirdik. İkinci hissə daha inamlı oynamağı planlaşdırırdıq. Düşünürdük ki, ilk hissə 0:0 hesabıyla bitsə, rəqib də artıq tələsər. İki zərbə oldu, onlar da qolla nəticələndi. Rəqib inamlı şəkildə pressinq edirdi və bizdə top itkilərinə səbəb olurdu. İkinci hissədə oyuna nəzarət etdik. Oyunu çevirmək mümkün olmadı, qol epizodu yarada bilmədik.
 
- Klesio Baukun zədəsi necədir?
- ümid edirəm ki, ciddi olmaz.
 
- "Qarabağ" hər il avrokuboklarda oynayır. Bu oyunla "Zirə"nin avrokuboklara hazır olmadığını demək olar? 
- "Qarabağ" çempionlar Liqasında oynayır. Biz orada oynamağa hazır deyilik. Amma bu gün "Qarabağ"ın demək olar ki, çoxlu qol imkanı olmadı. 2 top gəldi və qol oldu. Rəqib qol şansından belə istifadə edirsə, ona qarşı qələbə qazanmaq çox çətin olur.
 
- Daha bir hücumçunuz sıradan çıxdı. Bu, fiziki hazırlıqla bağlıdır, yoxsa şansla?
- Həqiqətən, aldıqları zədələr fiziki hazırlıqla bağlı deyil. Bizdə baxırsan ki, yıxılır çiyni çıxır, bu gün Klesio qaçdığı yerdə ayaq biləyi burxuldu. Sıx qrafikdə oynamaq çətindir. Yanvar ayında bizim proqramımız dəyişdi. Gərək bu qrafik tərtib olunanda həm milli, həm də klublar nəzərə alınsın. Sıx qrafikdə heyətimiz kasad olduğu üçün oynamaq çətindir. Ağabala zədədən qayıtmışdı, onu qorxa-qorxa oynadıram. Şikayət etmirəm, ancaq çalışacağıq ki, bu vəziyyətdən çıxaq.
 
- Sərtan Taşkın nə üçün tez əvəzləndi?
- Son oyunlarda yaxşı çıxış edirdi. Lakin bu gün ondan narazı qaldım. İlk 5 dəqiqədə onun cinahından təhlükəli hücumlar gəldi. Məhz buna görə narazı qaldım. İmkanım olsaydı, 20-25-ci dəqiqədə dəyişərdim. Lakin mən belə şeyləri sevmirəm. özünə də demişəm, bu gün ondan çox narazı qaldım. Potensialı var, ancaq bu gün nəsə özünə bənzəmirdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest