"Komandaya yeni oyunçular gələcək. Rəhbərliklə bu barədə danışığımız olub".
"Qəbələ" Misli Premyer Liqasının 8-ci turunda səfərdə "İmişli" ilə 2:2 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında jurnalistləriin suallarını cavablandırıb:
- Futbolçularıma təşəkkür edirəm. Meydanda yaxşı mübarizə apardılar. Biz bu gün 2 xal itirdik.
- Xal itirməyinizin səbəbi nədir?
- İki dəfə diqqətsizlik etdik. Nəticədə 2 xal itirdik.
- Hakimə etiraz etdiyiniz epizodu necə şərh edərdiniz?
- Nə deyə bilərəm? Futbolçumuz qapıçı ilə təkbətək çıxırdı. Ən azından ikinci sarı vərəqə verilməli idi.
- Premyer Liqada belə meydançada oynamağa münasibətiniz necədir?
- Ümid edirəm bu işə nəzarət edənlər nəzərə alacaqlar ki, belə meydançada futbol oynamaq olmaz. Digər tərəfdən meydanda əsl mübarizə getdi. Amma təbii ki, belə meydançada müasir futbol oynamaq çətindir.
- Artıq neçənci oyundur ki, "Qəbələ" hesabda öndə olduğu oyunları uda bilmir. Bunun səbəbi nədir?
- Əslində biz bu mövsüm çox da səhv etmirik. Sadəcə etdiyimiz səhvlər həlledici olur, qolla nəticələnir. Bir az bəxtimiz də gətirmir. Elə komandalar var ki, çox səhv edirlər, amma qolla nəticələnmir. Bu gün də iki diqqətsizlik qola səbəb oldu. Güclənməyə ehtiyacımız var. Komandaya yeni oyunçular gələcək. Rəhbərliklə bu barədə danışığımız olub. Qışda mütləq heyətin gücləndirilməsinə ehtiyac var. Ehtiyatda oturan futbolçular 17-18 yaşlı gənclərdir. Heç bir matçda rəqibə oyun baxımından uduzmamışıq. Oyunun qırılma nöqtəsi "İmişli"nin futbolçusunun meydandan qovulmaması oldu.
- Hakimin, futbolçuların səhvlərindən danışdız. Bəs sizin günahınız nə qədərdir?
- Bizdə start heyətində olan oyunçuları əvəz etməyə onların səviyyəsində futbolçu yoxdur. İştirak ərizəsinə baxsaz, görərsiz.
- Seleksiyanın uğurlu olmamasında özünüzü günahkar hesab edirsiz?
- Gəlin artıq bu mövzunu bağlayaq. Klub prezidenti ilə bu məsələləri müzakirə etdik. Günaha gəlincə bizim ümumi səhvimizdir. Biz bir komandayıq. Hər birimizin səhvi ola bilər.