"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsində "Panorama Sport"a müsahibə verib. Matç.az saytının məlumatına görə, təcrübəli futbolçu yığma komandasının Millətlər Liqasındakı uğursuz çıxışına münasibət bildirib və yenidən komandaya dönməyə hazır olduğunu bildirib.

- Albaniya yığmasının Millətlər Liqasındakı çıxışı barədə nə deyə bilərsiz?

- Yığmanın son nəticələri barədə çox danışmağa ehtiyac yoxdu. Nəticə hamımızı məyus etdi. Məncə, bu, müvəqqəti durğunluq anıdı. Uğursuz nəticələrdən sonra ab-havanın da yaxşı olmadığını görürəm.

- Bundan sonra bizi nə gözləyir?

- Məncə, indi sakitliyə ehtiyac var. Mənfi nəticələrdən dərs çıxarmaq lazımdı. Hansı qərarlar veriləcəksə, bunu sakit başla etmək lazımdı.

- Qrupun son matçında Şotlandiyaya böyükhesablı məğlubiyyəti (0:4) necə izah etmək olar?

- Şotlandiya tərifəlayiq futbol sərgiləyir. Komandamızın buraxdığı səhvlərdən maksimum yararlandılar. Bu, şotlandlar üçün ideal oyun oldu. Hakim bizə qırmızı vərəqə verməklə onların işini asanlaşdırdı. İstənilən halda, rəqib qələbəyə layiq idi.

- Siz bu uğursuzluğa görə kimi günahlandırırsınız?

- İlk növbədə gələcəyə nikbin baxmaq, milli komandaya güvənmək lazımdı. Futbolçular barədə heç vaxt mənfi fikir səsləndirmərəm. Onların çoxu ilə uzun müddət bir yerdə çıxış etmişəm, orda dostlarım var. Biz bir-birimizlə qardaş kimiyik. Fikrimcə, onlar əllərindən gələni edirlər.

- Bəlkə baş məşqçi Panuççiyə xəyanət edən var?

- Belə bir sual ola bilməz. Futbolçular milli komandada kiməsə görə oynamırlar. Hər bir oyunçu öz ölkəsinin mənafeyi naminə yığmada əlindən gələni artıqlaması ilə etməlidi. Futbolçularımızın həm məşqlərdə, həm də oyunlarda bütün gücləri ilə çalışdıqlarına şübhəm yoxdu. Mən bu komandada oynamışam, futbolçuların necə çalışdıqlarını görmüşəm. Onların hər birinin yığma üçün maksimum güc sərf etdiklərinə şübhəm yoxdu.

- Panuççi hücum futbolu tələb edir. Düşünmürsüz ki, komanda ehtiyatlı oyun prinsipinə dönməlidi?

- Albaniya yığmasının baş məşqçisi var və o, bütün problemləri məndən daha yaxşı bilir. Yəni bu məsələ ilə bağlı deyəcəklərimin elə də böyük önəm kəsb etdiyini düşünmürəm. Qərarları baş məşqçi verir və futbolçu bunu müzakirə etmir.

- Sizi yenidən milli komandada nə vaxt görəcəyik? Baş məşqçi getdikdən sonra?

- Mən inanmıram ki Aqolli ilə danışmağın vaxtı çatıb və bu nəyisə dəyişməlidi. Bilirəm ki, həyatımın bir hissəsi daha çox məşq etmək və özumu daim formada saxlamaqdan ibarət olub. Hələ butslarımı asmağa qərar verməmişəm. Milliyə çağırıldığım son iki görüşdə İsrail və Şotlandiyaya qarşı meydana çıxmadım. Ancaq bu, məni peşəkar yanaşmadan kənarlaşdırmadı. çünki yığmaya ölkəmi təmsil etmək üçün gəlirəm, Panuççi çağırdığı üçün deyil. Baş məşqçi məsələsi məni maraqlandırmır. Mənim vəzifəm daim hazır olmaq və ölkəmi təmsil etdiyim zaman bütün gücümü ortaya qoymaqdı. Millidə bir çox məşqçi ilə birgə işləmişəm. Ancaq peşəkarlıqdan və düzgünlükdən heç vaxt imtina etməmişəm. çünki ortada məndən və ya səndən daha böyük amil var. Milli komanda hər şeydən dəyərlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest