Sabah Millətlər Liqasında əsas mərhələyə yekun vurulacaq. Matç.az saytı xəbər verir ki, Azərbaycan milli komandası da turnirdə son qarşılaşmasına çıxacaq.

D liqasında mübarizə aparan yığmamız səfərdə Kosovo ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri 3-cü qrupun qalibi adı uğrunda mübarizədə son matçını keçirəcək.

İlk 5 turda uduzmayan komandaların Priştinadakı görüşü 1-ci yerin sahibinin adına aydınlıq gətirməlidi. Kosovodan 2 xal geri qalan millimiz buna nail olmaq üçün mütləq qalib gəlməlidi.

İstənilən hesablı qələbə komandamıza qrup qalibi adını bəxş edəcək. Digər nəticələr meydan sahiblərinin xeyrinə olacaq. Qarşısına AVRO-2020-yə vəsiqə qazanmaq vəzifəsi qoyulan yığmamız final mərhələsinə bir addım yaxınlaşmaq üçün Priştinada 3 xal əldə etməlidi.

Bu, qitə çempionatının pley-off mərhələsində oynamaq üçün imkan yarada bilər. çünki böyük ümidlər vəd etməyən seçmə mərhələdə uğur qazanılmasa, qitə çempionatına pley-off vasitəsilə düşmək olar.

UEFA-nın ilk dəfə tətbiq etdiyi yeniliyə əsasən Millətlər Liqasında daha yüksək yer tutan, lakin seçmə mərhələdə vəsiqə qazanmayan komandalar 2020-ci ilin martında son 4 vəsiqə uğrunda mübarizə aparacaq. Bu, Azərbaycan yığması da daxil olmaqla bir sıra komandalara tarixi şans yaradıb. Xüsusilə də, D liqasında çıxış edənlər xəyallarına gətirə bilmədikləri final mərhələsinə daha da yaxınlaşıb.

Belə ki, 1-ci yerin sahibi C liqasına vəsiqə qazandıqdan sonra AVRO-2020-nin seçmə mərhələsinin sonunu gözləyəcək. Orada uğur qazanmayacağı halda isə pley-offa qatılacaq. Qrup qalibinin seçmə mərhələdəki uğuru 2-ci yer sahibinin önündə "yaşıl işıq" yandıra bilər.

Millətlər Liqası

D liqası, 3-cü qrup

VI tur, 20 noyabr

23:45. Kosovo – Azərbaycan

Baş hakim: Benua Millot

Baş hakimin köməkçiləri: Mehdi Rahmouni, Bertrand Juanno

Dördüncü hakim: Bencamin Paje

Əlavə köməkçi hakimlər: Frank Şneyder, Karim Abed (hamısı Fransa)

Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)

UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)

Priştina. Fadil Vokrri stadionu

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest