Belçikanın "Brügge" klubu hücumçusu Mbaye Dianyeni heyətdən kənarlaşdırıb. Matc.az xəbər verir ki, buna sözügedən futbolçunun UEFA çempionlar Liqasının qrup mərhələsi çərçivəsində PSJ-yə qarşı oyundakı davranışı səbəb olub.
 
"Brügge"nin 0:1 hesabıyla uduzduğu həmin qarşılaşmanın 76-cı dəqiqəsində Belçika təmsilçisi penalti qazanıb. Amma bu vaxt Dianye komandanın kapitanı və əsas penalti vuran futbolçusu Hans Vanakenin 11 metrlik zərbəni yerinə yetirməsinə imkan verməyib. üstəlik, seneqallı futbolçunun penaltisini rəqib qolkiper Keylor Navas dəf edib.
 
Belçika mətbuatının yazdığına görə, meydandakı bu anlaşılmazlıq matçdan sonra paltardəyişmə otağında davaya çevrilib. Baş verənlərlə əlaqədar mətbuat konfransı keçirən baş məşqçi Filip Klement Dianyenin heyətdən kənarlaşdırıldığını bildirib:
 
"çox axmaq bir səhvə yol verdi və bu, matçın nəticəsinə təsir etdi. Təbii ki, çox əsəbiyəm. İlk qərarım onu növbəti oyun üçün heyətə almamaq oldu. Sonrakı həftələrlə bağlı futbolçunun davranışlarına görə qərar verəcəm. Klubdakı gələcək taleyi də öz davranışlarından asılı olacaq".
 
Müqavilə ilə Türkiyənin "Qalatasaray" klubuna məxsus olan Dianye, "Brügge"də icarə əsasında çıxış edir. Seneqallı futbolçu İstanbul klubunda da oxşar davranışları ilə gündəmə gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest