Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Matc.az xəbər verir ki, II dövrə VIII turun qarşılaşmaları ilə başlayacaq.

"Zirə" səfərdə "Neftçi" ilə qarşılaşacaq. Bu, iki komanda arasında ölkə çempionatları tarixində 18-ci duel olacaq.

İlk dəfə 2015/16 mövsümündə görüşən rəqiblər 17 dəfə üz-üzə gəlib. Bu matçların birinin nəticəsi (2:2) ləğv edilib və zirəlilərə texniki qələbə verilib. Bu 17 qarşılaşmanın yarısından çoxunda – 9 dəfə qələbə qazanan "Zirə" 5 görüşdə meydandan bir xalla ayrılıb. Yalnız üç dəfə uduzan qəsəbə komandası top fərqində də öndədi. Texniki nəticənin nəzərə alınmadığı qol sayında 21 dəfə rəqib qapısına yol tapan "qartallar" 15 top buraxıb.

"Zirə"nin bu matçlardakı qollarına 14 futbolçu imza atıb. Onlar arasında ən yaxşı bombardir Luis Alberto Diezdi. O, "Neftçi"nin qapısına üç qol vurub. Nelson Bonilya, Riçard Qadze, Vüsal İsgəndərli və Mfo Kqasvanenin hərəsinin hesabında iki top var.

9-cu dəfə "Neftçi"nin qonağı olacaq komanda səfər matçlarında da üstünlüyə malikdi. 3 qələbə qazanıb, 4 heç-heçə edən "qartallar" yalnız bir dəfə rəqib meydanından xalsız ayrılıb. Bu görüşlərdə 11 dəfə fərqlənin zirəlilər 10 qol buraxıblar. "Zirə" səfərdəki son 6 qarşılaşmada meydanı qolsuz tərk etməyib.

Qeyd edək ki, "Neftçi" - "Zirə" oyunu oktyabrın 20-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest