Avropa Liqasının qrup mərhələsinin sabah keçiriləcək IV turu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün xüsusi önəm kəsb edir. Matç.az saytı xəbər verir ki, 46 yaşlı mütəxəssis 100-cü dəfə avrokubok həyəcanını Poltavada "Vorskla" ilə görüşdə yaşayacaq.

O, qitə miqyaslı klub turnirlərində "100"ə çatan ilk azərbaycanlı kimi tarixə düşəcək. Qurbanov buna 3 klubda və 2 fərqli vəzifədə çatıb.

Söhbət onun həm futbolçu, həm baş məşqçi kimi yaşadığı avrokubok həyəcanından gedir. İndiyədək onun hesabında ümumilikdə 99 oyun var. O, "Turan"da futbolçu, "Qarabağ"da baş məşqçi, "Neftçi"də isə hər iki statusda qitə miqyasına çıxıb.

Qurbanov Avropada 24 il əvvəl debüt edib. Qitə səhnəsinə çıxan ilk Azərbaycan klubu "Turan"ın heyətində "siftə" edən 22 yaşlı gənc hücumçunun İstanbuldakı ilki uğursuz alınıb.

Həmin vaxt UEFA kuboku adlanan yarışın 1994-cü il avqustun 9-da keçirilən matçında "Fənərbaxça" Qurbanovun da heyətində yer aldığı "Turan"ı darmadağın edib. 0:5 hesablı məğlubiyyətlə başlayan Avropa yolunda futbolçu Qurbanov ümumilikdə 10 dəfə meydana çıxıb.

"Turan"dan sonra "Neftçi"də 9 avrokubok oyunu keçirən hücumçu qol hesabını aça bilməyib. Onun 894 dəqiqədəki "qazanc"ı biri qırmızı olmaqla 4 vərəqədi.

2004-cü ildə Rusiya MOİK-i ilə Moskvadakı görüş (0:2) Qurbanov üçün futbolçu kimi Avropada həm onuncu, həm sonuncu olub. Lakin o, cəmi 3 ildən sonra yenidən qitə miqyaslı turnirlərə qayıdıb.

Yenə "Neftçi"də olan Qurbanov bu dəfə baş məşqçi kimi avrokubok debütü yaşayıb. Avstriyadakı "siftə"ni "Rid" korlayıb – 1:3. Bakıdakı 2:1 hesablı qələbə isə mərhələ adlamaq üçün yetərli olmayıb.

2009-cu ildə isə Qurbanov indiki postunda "Qarabağ"ın baş məşqçisi kimi Avropa səhnəsinə çıxıb. Bu dəfə də debüt səfərdə gerçəkləşib. Avropa Liqasının "Rusenborq"la Norveçdəki qarşılaşması qolsuz başa çatıb.

Həmin vaxtdan Qurbanov Ağdam klubunu 87 avrokubok matçına çıxarıb. Baş məşqçi kimi "Neftçi"də də 2 belə oyunu olan mütəxəssis futbolçu kimi 10 dəfə meydana çıxdığı avrokuboklarda 89 dəfə çalışdırıcı kimi iş başında olub.

Futbol karyerasında 100-cü matç baş məşqçi kimi də yubiley – 90-cıdı. Əvvəlki 89 görüşdə onun iki komandası 35 qələbə qazanıb, 25 heç-heçə edib və 29 dəfə uduzub. Mütəxəssisin yetirmələri 90 qol vurub, 127-ni buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest