“Əfsuslar olsun ki, məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik”. Matc.az saytının məlumatına bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə qarşılaşan Azərbaycan çempionu səfərdə 2:1 hesabı ilə qalib gəlsə də, doğma arenasında məğlub olaraq (0:2), Avropa Liqasının pley-offuna yuvarlanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Futbolda bəzən düşünmədiyin nəticələr olur. Qapımızda qol epizodu da yox idi. Bir penalti, bir də vurulan qol. Bizim üçün bir neçə imkanımız oldu, istifadə edə bilmədik. Həyəcan var idi, bu da normaldı. Çempionlar Liqasında davam etməyi çox istəyirdik. Bəzən həddən artıq zəif oyunla, bəzən də güclü oyunla məğlub olursan. Bu bizim işimizdi. Azarkeşləri məyus yola saldığımız üçün üzüldük”.

- “Qarabağ” adətən uduzanda da baxımlı oyun göstərir. Bu gün isə bunu görmədik. Oyun sizi qane etdimi?
- Bəlkə biz fərqli baxırıq. İtiriləcək heç nə yox idi. Pressinq edən komandaya qarşı səhvlərimiz çox oldu. Amma heç də pis oynamadıq. Heç nədən qol epizodları verdik. Açığı, mən razı qaldım. 0:2-dən sonra dəyişikliklər edirsən, istər-istəməz sistem pozulur.

- Slavçevin yerinə Kintananı meydana tez salmaq olmazdımı? Və “Qarabağ”ın ehtiyatında az oyunçunun olması sizi narahat etmir?
- Slavçev aktiv idi. İkinci qoldan sonra dəyişiklik etdik. Nə tez, nə də gec dəyişiklik etmək olar. Çalışdıq oyunun gedişinə görə addım ataq. İki oyunçumuz zədəli idi: Bədavi və Ozobiç. Əvvəldən 2 transfer fikrimizdə var idi. Amma bunları reallaşdıra bilmədik. Onlar sağlam olsaydı, variantımız daha çox olardı.

- Avropa Liqası matçı üçün çempionat oyununun təxirə salınması üçün PFL-ə müraciət etməyəcəksiniz?
- Çempionat oyununa hazırlaşmaq üçün vaxtımız çox azdı. Təxirə salma yox, oyunun bəlkə bir gün sonraya salınması üçün müraciət etdik.

- Rəqib sizi nə ilə təəccübləndirdi?
- Təcrübəsi ilə. Buna da təəccüblənmək demək düzgün olmaz. İllərdi avrokuboklarda çıxış edirlər. Onların Avropa təcrübəsi çoxdu. “Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komanda idi. Narahatlığım o idi ki, həddən artıq istəkli olacaqlarını bilirdik. Ancaq yenə də xeyli sayda qol şansları yaratdıq. Futbol təəccüblərlə doludu. Məğlub olmuşuqsa, rəqibi təbrik etməliyik.

- Futbolçular 0:2-dən sonra sanki dünyanın sonu imiş kimi davrandılar. Ruh düşkünlüyünü aradan qaldırmaq çətin olmayacaq?
- Texniki səhvlər idi. Almeydanın bilə-bilə sarı aldığını demək olmaz. Məşqçi heyəti, rəhbərlik olaraq futbolçuların yanında olmalıyıq. Bu vəziyyətdən bir yerdə çıxmalı, həm çempionat, həm də Avropa Liqasının pley-offuna hazırlaşmalıyıq.

- Hakimliklə bağlı nə deyərdiniz?
- Bəzi epizodlarda narazılığımız oldu. Sanki əks qərar verməli idi. Ancaq bu barədə təkrara baxdıqdan sonra düzgün fikir bildirmək olar.

- Ozobiç uzun müddət kömək edə bilməyəcək və Bədavi də sağalmayıb. Bu heyətlə Avropa Liqasında nəyə ümid edə bilərsiniz?
- Üstəlik, Rahil də qarşıdakı oyunu buraxacaq. Amma ümidli olmalıyıq. Hər rəqibə qarşı məsuliyyətlə çalışmalı və işimizə ciddi yanaşmalıyıq. Ciddiyyət olan yerdə qalibiyyət gələcək. İllərdi bir yerdəyik. Pis və yaxşı xatirələrimiz olub. Ümidimizi itirməməliyik. Futbolçularıma güvənirəm və daha yaxşı olacaqlarını düşünürəm.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest