Qadınlardan ibarət "Turan" voleybol klubunun prezidenti Həsən Zeynalov CEV Çempionlar Liqasının ilk matçında Tovuzda Xorvatiyanın "Mladost" klubunu məğlub etdikləri (3:0) oyundan sonra müsahibə verib.

Matc.az xəbər verir ki, klub prezidenti jurnalistlərin suallarını cavablandırıb:

- Oyunla bağlı təəssüratlarınız necədir?
- Tovuz tarixinə düşəcək bir gün idi. Həqiqətən də sevincimizin həddi-hüdudu yoxdur. Böyük həyəcan, böyük izdiham var idi. Bütün azarkeşlərə təşəkkür edirəm. Bizi tək buraxmadılar. İnşallah, bu qələbənin ardı gəlsin.

- Bu matçdakı mübarizə əzmini cavab oyununda da görə biləcəyik?
- Təbii ki. Komandamızın özəlliyi odur ki, uduzsaq belə, heç vaxt mübarizəsiz təslim olmarıq.

- Azarkeşlər haqqında nə deyə bilərsiniz?
- Zalda möhtəşəm ab-hava var idi. Azarkeşlərin hamısına təşəkkür edirəm, var olsunlar. Yer olmadığı üçün xeyli azarkeş həyətdə monitordan oyunu izləyirdi. Möhtəşəm idilər. Demək olar ki, qələbənin yarısını azarkeşlər qazandı, yarısını biz.

- Üçüncü setdə komanda 3 top fərqi ilə geri düşmüşdü. Həmin anda hansı hisslər keçirirdiniz?
- Əvvəl bir qədər həyəcanlı idim. Lakin keçən ildən təcrübəmiz var deyə bilirdim ki, sonda sevinəcəyik.

- Matçın asan keçəcəyini gözləyirdiniz?
- 3:0-lıq qələbə qazansaq da, bu, bizi aldatmamalıdır. Oyun heç də asan keçmədi. Çünki bizə qədər rəqib cari mövsüm 4 rəsmi oyun keçirmişdi. Bizim isə ilk matçımız idi. Üstəlik, öz azarkeşlərimiz önündə oynayırdıq. Fanatlar rəqibə nə qədər təzyiq göstərirdilərsə, bizə də bir o qədər həyəcan verirdilər.

- Yenilənən "Turan"ı görəndən sonra hədəflərinizə çatacağınıza inanırsınız?
- Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir. Lakin bu o demək deyil ki, ora düşüb, formal çıxış edəcəyik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest