Dünya futbolunun əfsanələri Lionel Messi və Kriştiano Ronaldo Argentina millisinin sabiq hücumçusu Karlos Tevesin vida oyununa dəvət alıblar.
Matc.az xəbər verir ki, bu barədə "Goal.com" idman portalı məlumat yayıb.
Bildirilir ki, qarşılaşmanın cari ilin dekabrında Tevesin doğma klubu olan "Boka Xuniors"un ev stadionu "La Bombonera"da keçirilməsi planlaşdırılır. Messinin və Ronaldunun eyni komandanın heyətində çıxış edəcəyi, yoxsa bir-birinə rəqib olacaqları hələlik məlum deyil.
Teves Argentina yığmasında Messi ilə, 2007–2009-cu illərdə isə "Mançester Yunayted"də Ronaldo ilə birgə çıxış edib. 42 yaşlı argentinalı futbolçu karyerasını hələ 2021-ci ildə başa vursa da, vida matçını məhz indi keçirmək qərarına gəlib.
"Boka Xuniors" və "Mançester Yunayted"dən başqa, Teves karyerası ərzində "Korintians", "Vest Hem", "Mançester Siti", "Yuventus" və "Şanxay Şenxua" klublarında da oynayıb. O, Argentina millisinin heyətində 76 oyuna çıxıb və 13 qol vurub.
Xatırladaq ki, cari ilin may ayında Teves "Talyeres" klubunun baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb.













