Misir millisinin hücumçusu Məhəmməd Salah dünya çempionatında yeni rekorda imza atıb. 34 yaşlı hücumçu komandanın heyətində mundiallar tarixində fərqlənən ən yaşlı oyunçu olub.

Matc.az xəbər verir ki, bu barədə "Opta" statistika portalı məlumat yayıb.

2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Yeni Zelandiyaya qarşı keçirilən matçın (3:1) 67-ci dəqiqəsində qol vuran təcrübəli oyunçu Misir yığmasına üstünlük qazandırıb. Salah bu qolu vurarkən 34 yaş 7 günlüyündə olub.

Bununla da "Liverpul"un sabiq ulduzu 1990-cı ildə Niderlandın qapısına yol tapan Məqdi Əbdülqaninin rekordunu geridə qoyub. Əbdülqani həmin qolu vurarkən 30 yaş 320 günlüyündə idi.

Qeyd edək ki, qrup mərhələsinin iki turundan sonra Misir yığması 4 xalla G qrupuna liderlik edir. Şimali afrikalılar növbəti oyununu iyunun 27-də İrana qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest