"Sportinq" və "Mançester Yunayted"in keçmiş çalışdırıcısı Ruben Amorim "Milan"ın sükanı arxasına keçməyə çox yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, 41 yaşlı portuqaliyalı mütəxəssis "Milan"ın şərtlərini qəbul etməyə hazırdır. Tərəflər arasında daha bir mövsüm uzadılma variantı ilə iki illik müqavilə imzalanması gözlənilir. Bu işdə maraqlı olan Amorim hazırda İtaliya klubunun rəsmi təsdiqini gözləyir.
"Milan" rəhbərliyi baş məşqçi postu üçün Mattias Caysli və Oliver Qlasnerin də namizədliyini nəzərdən keçirirdi.
Xatırladaq ki, Ruben Amorim 2024-cü ilin noyabrından rəhbərlik etdiyi "Mançester Yunayted"dən bu ilin yanvar ayında ayrılıb. O, mankunianlıları 2025-ci ilin mayında Bilbaoda keçirilən UEFA Avropa Liqasının finalına qədər yüksəltməyi bacarmışdı.
Bu yaxınlarda "Benfika"nın da onunla maraqlandığı bildirilirdi. "Milan" isə ötən mövsümün sonunda Massimiliano Alleqrini baş məşqçi vəzifəsindən azad edib.













