"Atalanta"nın yarımmüdafiəçisi Edersonun "Mançester Yunayted"ə keçidi rəsmiləşmək üzrədir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Nikolo Şira paylaşıb.
Braziliyalı futbolçu tezliklə tibbi müayinədən keçəcək və ardından İngiltərə təmsilçisi ilə uzunmüddətli müqaviləyə imza atacaq.
26 yaşlı oyunçunun "qırmızı şeytanlar"la sözləşməsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Onun illik maaşı təxminən 5 milyon avro təşkil edəcək. Bu transfer "Mançester Yunayted"ə 45 milyon avroya başa gələcək.
Qeyd edək ki, Ederson arxada qalan mövsümdə meydana çıxdığı 41 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Fotmob"un statistikasında braziliyalının 135 müdafiə hərəkəti etdiyi göstərilib. O, bu göstərici ilə A Seriyası yarımmüdafiəçiləri arasında 22-ci, çempionatın bütün futbolçuları arasında isə 109-cu sırada qərarlaşıb.
"Mançester Yunayted" rəhbərliyi bundan əvvəl komandanın ulduz pleymeykeri Bruno Fernandeslə də müqaviləni yeniləməyə çalışırdı.













