Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah San Marinoya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında iştirak etdi.

Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Hər şey planlı şəkildə gedir. Burda iki yoldaşlıq oyunu keçirəcəyimizi bilirdik. Bəzi planlaşdırmadığımız şeylər oldu: Rəhim Sadıxov tam məşq edə bilmədi, Elvin Bədəlov xəstələndi. Bunları istəməzdik. Ümumi götürsək, planlı toplanış gedir. Birinci oyunda da demişdik, qələbə qazanmaq istəyirik. Lakin sınaq matçında əsas məqam komandanı görməkdir. Qarşıdan gələn Millətlər Liqasında bunlar vacib olacaq. Hücum xətti ilə bağlı düşüncələrimiz var, sabah da bunları yoxlayacağıq. Rəqibimiz məlumdur, futbolçularla da danışmışıq. Son məğlubiyyət üzücü oldu. Çox epizod yaratmağımız yaxşıdır, amma vacib məqam qol vura bilməkdir. Bəzi futbolçuların oyun praktikası azdır, lakin belə şeyləri bəhanə etməməliyik. Hər şansdan maksimum yararlanmalıyıq. Düşünürəm ki, qələbə qazanıb, toplanışı yaxşı notlarla bitirərik.

– Malta ilə oyunu təhlil edəndən sonra hücumçulara nə dediniz?

– Məğlub olanda futbolçulara nə deyək deyə, düşünürük. Bəzən olur ki, ustalıq, əzmkarlıq çatmır. Bəzən tapşırıqlar yerinə yetirilmir. Amma Malta ilə matç belə oyunlardan deyildi. İstək, əzm var idi. Son 15 dəqiqə bütün gücümüzlə rəqibin cərimə meydançasında olduq. Oyunsonrası futbolçularla danışdıq, millidə olmağın üstünlüklərini dedik. Bir çox futbolçu da etiraf etdi ki, istək çox idi, amma oyun təcrübəsi epizodları dəyərləndirməyə mane oldu. Bəlkə, bu məğlubiyyət xeyrimizə olacaq. Futbolçuların karyeraları ilə bağlı qərarları önəmlidir. Bu gün ən yaxşı oyunçularımız kənarda qalıb, siyahımız da geniş deyil. Bu futbolçular oynamazsa, biz itirəcəyik. Gəncləri cəlb etmək istəyirik, amma bu səviyyədə oynamağa hazır olan azdır. Millidə daim yaxşı oynamaq istəyirsənsə, klubunda çox şans qazanmalısan. Bunu qəbul etməliyik. Təhlillərdə də bunu gördük. Maltaya qarşı 11 künc zərbəsindən istifadə etdik, onun cəmi 1-i təhlükəli alındı.

– Buraxılan qollarla bağlı nə danışdınız?

– Elə oyun idi ki, bəlkə, iki gün oynasaq da, qol vura bilməyəcəkdik. Belə matçlar olur. Buraxılan birinci qolda səhv oldu. İkinci qol isə əks-hücumdan vuruldu. Bəlkə, həmin epizodda taktiki faul edə bilərdik. Bu məsələləri də danışdıq.

– Heyəti açıqlayacaqsınız?

– Sabah tam heyəti dəyişəcəyik. Qapıçı Şahruddin, müdafiədə Cəlal, Rahil, Rəhman, Tellur, Rüfət, yarımmüdafiədə Səbuhi Abdullazadə, Emin Mahmudov, hücumda isə Renat Dadaşov, Ayxan Hüseynov, Rüstəm Əhmədzadə.

– Malta ilə oyundan sonra Abdulla Xaybulayev və Anton Krivotsyuk heyətdən kənarlaşdırldı. Bu qərar hansı müddətə verilib?

– Mənim üçün üzücü qərar oldu. Hər ikisi bizim üçün çox vacib oyunçu idi. Onlar millidə ən intizamlılardandır. Bəlkə, digər futbolçular nəsə etsəydi, bu qədər heyfislənməzdim. Məşqə birlikdə gələn oyunçulardır. Futbol emosional oyundur, amma bəzi şeylər bağışlanmır. Millidə çox yaxşı atmosfer var, komanda istəklidir. Bunu davam etdirməliyik. Anidən nələrsə olmur. Bir toplanışda hər şeyi mükəmməl etmək olmur. Bəzən belə nüanslar olur. Verdiyimiz qərar bu toplanışa aiddir. Ümid edirəm, qarşıdakı toplanışlarda olacaqlar.

– San Marinoya qarşı bütün oyunlarda qələbə qazanmışıq. Ardı gələcək?

– İnanıram ki, qələbə qazanacağıq, futbolçular da buna inanır. Bizə qələbə lazımdır. İstəyirik ki, millini, futbolçuları inkişaf etdirək, oyunçular yaxşı klublara getsin. Futbolçulara xarici klublardan marağın az olmasına səbəb millidəki uğursuz nəticələrdir. Hamı bunu dərk edir. Mütləq qələbələr qazanmalıyıq.

– San Marino Sent-Lüsiya yığmasından zəifdir?

– Reytinqə baxanda, biz də bizdən yuxarıda olanlardan xallar almışıq. Futbolda sürprizlər olur. San Marino yığması daha güclüdür. Avropa komandasıdır və özlərinə məxsus üslubları var. Banqladeşə uduzdular, bu komandanın adı gələndə təbəssüm yaranır, amma çox istəkli, əzmkar oynadılar.

– Böyükhesablı qələbə qazanıb, tarixi rekordu yeniləməyi düşünürsünüz?
– Bu haqda düşünməmişəm. Bəzi futbolçular var ki, millidə ilk dəfə əsas heyətdə oynayacaq. Bu futbolçulara ehtiyacımız var. Sentyabrda 4 oyun keçirəcəyik və rotasiyalar mütləq olmalıdır. Heyətləri tapmaq, görmək istəyirik. Futbolçuların göstərəcəkləri performans çox önəmlidir. Məşqləri oyuna çevirə bilsək, daha yaxşı olacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest