Fransa milli komandasının futbolçuları ölkə futbol federasiyası (FFF) tərəfindən 2026-cı il dünya çempionatı üçün ayrılan biletlərin sayından və turnirdə iştiraka görə veriləcək bonusların məbləğindən narazıdırlar.

Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

"Mavilər"in hər bir oyunçusuna dünya çempionatı matçları üçün cəmi 8 bilet (ikisi pulsuz, altısı pullu) ayrılıb. Fransız futbolçular bu sayın ailələrinin və yaxınlarının turnir həyəcanını stadiondan canlı yaşaması üçün kifayət etmədiyini düşünürlər. Oyunçular Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo ilə keçirilən görüşdə bu qərara qarşı açıq şəkildə etirazlarını bildiriblər. Buna baxmayaraq, tərəflər arasında danışıqlar davam edir və futbolçular "xoşməramlılıq jesti" olaraq federasiyanın tanıtım kampaniyalarında iştirak ediblər.

Digər bir problem isə dünya çempionatındakı iştirak bonusları ilə bağlıdır. Federasiya rəhbərliyi komandanın ABŞ-a səyahət xərclərinin yüksək olmasını əsas gətirərək mükafatları azaltmaq qərarına gəlib. Lakin bu məsələnin həlli istiqamətində aparılan müzakirələr artıq son mərhələdədir və oyunçuların, çox güman ki, istədikləri bonusları alacaqları gözlənilir.

Xatırladaq ki, Fransa millisinin məşqçilər heyəti bu yaxınlarda dünya çempionatı üçün yekun heyəti müəyyənləşdirib. Fransızlar təsnifat mərhələsinin D qrupunda Ukrayna, İslandiya və Azərbaycanı qabaqlayaraq birinci yeri tutub və çempionata vəsiqə qazanıblar. Dünya çempionatının qrup mərhələsində isə komanda Seneqal (16 iyun), İraq (23 iyun) və Norveç (26 iyun) yığmaları ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest