"Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konate karyerasını digər İngiltərə nəhəngi "Çelsi"də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fransanın nüfuzlu "L'Equipe" nəşri yayıb.
Tərəflərin yeni müqavilə ilə bağlı ortaq məxrəcə gələ bilməməsindən sonra fransalı müdafiəçinin bu ilin iyun ayının sonunda "Liverpul"dan azad agent statusu ilə ayrılacağı dəqiqləşib.
"Çelsi" yaranmış bu fürsətdən yararlanaraq Konateni heyətinə qatmaq üçün dərhal hərəkətə keçib. Hazırda tərəflər arasında maliyyə şərtləri müzakirə olunur. 27 yaşlı müdafiəçi londonlulardan həftəlik 300-350 min funt-sterlinq civarında maaş tələb edir. "Zadəganlar" isə futbolçuya tələb etdiyindən bir qədər aşağı maaş təklif edib, aradakı fərqi böyük bir transfer bonusu (imza pulu) ilə kompensasiya etməyi planlaşdırır.
Qeyd edək ki, İbrahima Konate 2021-ci ilin yayından bəri "Liverpul"un şərəfini qoruyur. Mersisayd klubunun heyətində ümumilikdə 183 rəsmi matça çıxan fransalı müdafiəçi 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb və komandası ilə birlikdə 5 titul qazanıb.
Arxada qalan 2025/26 mövsümündə isə o, bütün turnirlərdə 51 oyuna çıxaraq 2 qol vurmağı bacarıb.













