Fernandu Santuşa qarşı üsyan, nifrət və isterika o qədər sərhədləri aşmışdı ki, ondan sonra kim gəlsəydi başına sığal çəkəcəkdilər. İdman jurnalistlərinin sürəkli təkidləri ilə bu məşqçi yerli olduqda isə bu sığal lap tumara bənzəyəcəkdi. Ayxan Abbasova münasibət məhz belə idi. Məlum səbəblərdən ciddi psixoloji böhran keçirən Ukrayna millisi ilə məzmunsuz oyunla bir xal alan kimi Ayxan Abbasovu milli qəhrəman səviyyəsinə qaldırdılar. Alqışlar o qədər yüksək oldu ki, sonra Fransaya və Ukraynaya məğlubiyyətlərə heç məhəl qoyan da olmadı. Nəinki məhəl, hətta məğlubiyyətə görə baş məşqçini tərifləyənlərin də sayı çox idi.

Belə yanaşma yalnız Şərq xalqlarında ola bilər – çılğın, kultlaşdırmaya həvəsli, amma sadəlövh. Bax beləcə, Ayxan Abbasov Fernandu Santuşa nifrətin dalğaları arasında gizlənə-gizlənə İslandiya ilə oyuna qədər gəlib çıxdı. Tərifləyənlərin də bir arqumenti vardı: döyüşdülər! Ayxan Abbasov da elə onu deyirdi: döyüşdülər, ruh vardı…

Biri ona izah etsin ki, müasir futbolda “Vətən, Millət, Sakarya” deyib meydana çıxmırlar. Bu artıq keçmişin qalığıdı. Müasir futbolun öz tələbləri var: düzgün heyət və bu heyətə uyğun strategiya.

İslandiya ilə oyunda Abbasov nə heyəti düzgün seçmişdi, nə taktikanı. Futbolçular isə meydanda o qədər primitiv görünür, o qədər məntiqsiz və məzmunsuz görünürdü ki, adamı futboldan diksindirirdilər. Sonra da deyirlər yerli çempionata niyə gəlib baxmırlar.  

“Qarabağ”ın heyətində meydan üzü görməyən Abbas Hüseynovun hansı bacarıqlarına görə heyətə cəlb edildiyini anlamaq mümkün deyildi. Heç deyəsən, Ayxan Abbasov özü də bilmirdi. Çünki, mətbuat konfransında Abbas Hüseynovla bağlı suala cavab verə bilmədi. Nəinki verə bilmədi, daha da özünü batırdı. Etiraf etdi ki, oyun praktikası olmayan Abdullah Xaybullayevi də özünün anlamadığı səbəbdən start heyətinə qoyub.

Xaybullayevi bilmirəm, Abbas Hüseynovun heyətə düşməsinin səbəbləri barədə gümanlar var. Amma babalı öz boynuna. Elvin Bədəlov isə Premyer Liqanın son oyununda Zubirə qarşı etdiyi “əfsanə” sürüşmə fəndindən sonra futbolun başını buraxsa yaxşı idi. Əvəzində milliyə çağırıldı və nə etdiyini, necə etdiyini nə özü bildi, nə də məşqçisi.   

İslandiya ilə oyun göstərdi ki, Ayxan Abbasov konfet düzəldə bilmir. Xarici məşqçiyə qarşı xüsusi amansız olan bizim idman mediası isə ənənəsinə sadiq qalaraq yerli məşqçi ilə daha yumşaq davranır. Ən sərt tənqid edən yazır ki, “bu Ayxanlıq deyil, futbolçu yetişmir”. O zaman Santuşu niyə linç edirdiniz?

Bəli, Ayxan Abbasov həvəskar səviyyədə olan futbolçulardan yaxşı nəticələr qazana bilməyəcək. Çünki, o illər boyu futbolda sürən xaos, anarxiya, başıpozuqluq, pul dağıtma dövrünün məhsulları bundan artıq ola bilməz. Bu oyunçulardan heç azarkeşlərin kultlaşdırdığı Qurban Qurbanov da konfet düzəldə bilməz. Elə buna görə də Çempionlar Liqasında 9 legioner, 2 yerli ilə oynayır, o iki yerlini də Allah-Allah deyib yola veririk.

Bəxtimiz bir onda gətirdi ki, Fransa Dünya Çempionatına vəsiqəni təmin etdi və Bakıya turist kimi gələcəklər. Heç bir turnir motivasiyası olmayan, klublarında yüz milyonlarla maaş alan fransızlar çətin ki, burda tam gücü ilə oynasın. Odur ki, abırlı hesab əldə edək, başlayaq Ayxanı tərifləməyə, beləcə bir seçmə mərhələni yola verək (sportkritik.az).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest