“Hər məşqçinin öz fikri, öz taktikası, futbola baxışı var”. Bunu matc.az saytına “Turan Tovuz” klubunun məşqçisi Yunis Hüseynov deyib.

Azərbaycan yığması dünən DÇ-2026-nın seçmə qrup mərhələsində növbəti oyununa çıxdı. İslandiyaya 0:2 hesabı ilə uduzan millimiz Ayxan Abbasovun rəhbərliyi altında ardıcıl üçüncü məğlubiyyətini aldı.  

Oyun haqda geniş danışmaq istəməyən Hüseynov öncə həmkarını ittiham edib. Onun fikrincə, Abbasov millinin baş məşqçisinə yaraşmayan açıqlama ilə özünü gülünc vəziyyətə salır: “Ayxanın harada səhv etdiyini deyim. Oyundan öncə keçirilən mətbuat konfransında yenə “Turan Tovuz” haqda danışıb. Bundan əvvəl komandamız barədə danışanda, tutarlı faktlarla cavabını vermişəm. Yenə də deyirəm, Ayxanın fikirləri məşqçiyə yaraşmır. Artıq ikinci dəfədi oxşar sözlər söyləyir. Hansı məqsədlə etdiyini bilmirəm. Ancaq və ancaq “Turan Tovuz” haqda danışır. Səmimidirsə, digər komandaların da adını çəksin. Sözündən belə çıxır ki, bizim futbolçular özlərinə başqa komanda tapsalar, daha yaxşıdı”.

Hüseynov bildirib ki, Abbasov klubunda oynamayan bəzi futbolçuları milliyə çağırıb: “Klublarında oynamayanlar millidə əsas heyətdə çıxış edir. Bundan danışsın. Guya Şəhriyar Əliyev, Ayxan Hüseynov, Faiq Hacıyev klubda oynamadıqları üçün milliyə çağırılmır. Çağırdıqları futbolçuların hamısı öz klubunda oynayır ki? Oynamayan futbolçunu start heyətində meydana buraxır, oynayan isə qıraqda qalıb. Guya ki, kişilər iş görürlər... “Turan Tovuz” haqda danışdıqları xoş deyil. Bunlar komandada ciddi narazılığa səbəb olan fikirlərdi. Kimi istəyirsən, oynat, öz fikrindi. Amma bizim komandadan danışma. Əvvəl də demişdim, yenə də deyirəm, düzgün hərəkət deyil”.

Oyuna gəlincə, Yunis bəy bildirib ki, milli komandamız birinci hissədə çox zəif oynadı: “Fasiləyə qədər İslandiya istəyinə çatmışdı. Ona görə millimiz ikinci hissədə bir az top saxlamağı bacardı. Toral Bayramovla Emin Mahmudov tez əvəzləndi. Düşünürəm ki, onlarda meydanda qalsaydı, daha yaxşı olardı”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest