"Qalatasaray"ın prezidenti Dursun Özbek "İnter Mayami"nin hücumçusu Lionel Messinin qısamüddətli icarəyə götürülməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Matc.az xəbər verir ki, o, Messinin "Qalatasaray" ilə adının hallanmasının əldə etdikləri uğurlarla əlaqələndirib.
"Messidən danışırsınız? "Qalatasaray" elə bir səviyyəyə çatıb ki, hətta belə danışıqların olması belə mümkündür. Biz tələbləri çox yüksək səviyyəyə qaldırmışıq. Ardıcıl üç çempionluq qazanan komandanın əsasını qoruyub saxlaya bilmişik. Etdiyimiz hər şey maliyyə imkanlarımız daxilindədir. Buna görə də indi bizdən Messi haqqında soruşula bilər", - deyə Özbek açıqlama verib.
Xatırladaq ki, MLS-in müntəzəm mövsümü oktyabr ayında başa çatıb və pley-off mərhələsi dekabrın əvvəlinə qədər davam edəcək. Növbəti mövsüm 2026-cı ilin mart ayında başlayacaq.












