"Axı Azərbaycanın Çempionlar Liqasında oynayan komandası var. Azərbaycanlı oyunçular bu matça güclü hazırlaşmışdı".

Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunun oyununda Azərbaycan yığmasını 2:1 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, "göy-sarılar"ın baş məşqçisi Sergey Rebrov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. Mütəxəssis öncə matç barədə fikirlərini bildirib, daha sonra ona ünvanlanan sualları cavablandırıb:

- Xoşbəxtəm ki, belə nəticə əldə etdik. Özünüzün də gördüyünüz kimi ciddi oyun gedirdi. Hər iki komanda qələbə istəyirdi. Amma biz qalib gəldik. Beş oyunçumuz yox idi. Azərbaycan millisini məğlub etmək bizim üçün çətin oldu. Birinci hissədə yaxşı oyun göstərməyə çalışırdıq.

- Nəyə görə Ukrayna Azərbaycana qarşı çətinlik çəkir? Həm Bakıda çətinlik çəkdiniz, həm də Polşadakı matçda. Axı Krakov stadionunun meydançası daha yaxşı səviyyədə idi. Halbuki Ukrayna mətbuatı iddia edirdi ki, Bakıda qalib gələ bilməməyinizin səbəbi ot örtüyü idi...

- Bəli, mən heç vaxt fikirləşmirəm ki, Azərbaycan zəifdir. Belə sözü də heç vaxt deməmişəm. İslandiya ilə oyunda göstərdiyiniz nəticə sizin gücünüz deyildi. Niyə Azərbaycan öz millisinə qiymət vermir? Axı Azərbaycanın Çempionlar Liqasında oynayan komandası var. Azərbaycanlı oyunçular bu matça güclü hazırlaşmışdı. Öz futbolçularımızla söhbət aparmışdıq.

- İslandiya - Fransa matçında heç-heçə qeydə alındı. Düşünürsüz ki, Ukrayna qrupda birinci yeri tuta bilər?

- Gözləyirəm ki, 5 futbolçum zədədən qayıtsın. Ukrayna millisi həmişə qələbəyə köklənir, qələbə qazanır. Bu gün İslandiya - Fransa görüşündə bərabərlik qeydə alındı. Amma gözləyirik ki, zədəlilərimiz qayıtdıqdan sonra daha da gözəl nəticələr qazanaq.

- Son iki matçda qalib gəldiniz. Özünüzü necə hiss edirsiz?

- Bəli, xoşuma gələn odur ki, jurnalistlərdən xoş şərhlər eşidək və incidən suallar gəlməsin. Ona görə sizi sevindirməyə çalışacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest