Çempionluq uğrunda mübarizə aparan “Turan Tovuz” heyətinə daha bir futbolçu cəlb edir. Matc.az saytının əldə etdiyi məlumata görə, bölgə təmsilçisi portuqaliyalı sağ cinah müdafiəçisi Jorje Fernando dos Santos Silva ilə güclənir.
Yaxın saatlarda Bakıya gəlib, komandanın düşərgəsinə qatılacaq 29 yaxşı legionerlə 2 illik müqavilə bağlanması nəzərdə tutulub.
Silvanın son klubu Sloveniyada “Olimpiya” olub. Lyublyana təmsilçisindən əvvəl isə vətənində “Paços”da çıxış edib. 1,83 m boya malik müdafiəçi “Sportinq”in B və U-19 komandalarında da forma geyinib.
Silva Portuqaliyanın U-18 yığmasında 5, U-19 millisində 8, U-20 komandasında 2 dəfə meydana çıxıb.
Qeyd edək ki, “Turan Tovuz” mövsümlərarası fasilədə heyətini Abdulla Rzayev ("Sabah", icarə), David Oliveyra Tavareş (son klubu "Buzau", Rumıniya), Roberto Olabe ("İbiza", İspaniya), Oleq Baklov (“Ufa”, Rusiya), Filip Ozobiç ("Neftçi"), İbrahima Vadji ("Sent-Etyen", Fransa), Alexandro Serrano və Enrike Silva ("Valyadolid", İspaniya) ilə gücləndirib.