“Qarabağ” klubu qapıçısı Andrey Lunyova yeni müqavilə təklif edib. Matc.az xəbər verir ki, bunu rusiyalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında bildirib.
Təcrübəli çərçivə qoruyucusu sözləşməsinin müddətinin uzadılması ilə bağlı Ağdam klubu ilə danışıq apardıqlarını təsdiqləyib. Bununla belə, o, hazırda bütün diqqətini mövsümün son oyunlarına yönəltdiyini qeyd edib: “Qarabağ” mənə yeni müqavilə təklif edib, komandada qalmağımı istəyirlər. Hazırda danışıqlar mərhələsindəyik. Proses davam edir. Mövsümün sonunu gözləyirəm, gələcək karyeramla bağlı yekun qərarımı onda verəcəyəm. Çünki hazırda fikrimiz mövsümün qalan matçlarındadı, konsentrasiyamızı pozmuruq”.
Bu günlərdə Lunyovun adı Moskva “Dinamo”su ilə birgə çəkilirdi. Rusiya mətbuatında moskvalıların təcrübəli çərçivə qoruyucusunu heyətinə qatmaq istədikləri haqda xəbər çıxmışdı.
Qeyd edək ki, Andrey Lunyov cari mövsümdə “Qarabağ”ın heyətində 32 oyunda meydanda çıxıb. O, bu görüşlərdə qapısından 40 top buraxıb.