Sabah Azərbaycan Premyer Liqasında XXXV tur start götürəcək. Matc.az xəbər verir ki, tur üç günü əhatə edəcək.
Açılış oyunu cümə günü Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq. Bu görüşdə “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək. Ağdam klubu çempionluğu vaxtından əvvəl təmin etdiyindən, qarşılaşma onlar üçün formal xarakter daşıyır. Tovuzlular isə 6-cı pillədə qalmaq üçün bu matçdan sərfəli nəticə ilə ayrılmağa çalışacaqlar.
Şənbə günü “Sabah” Masazırda “Sumqayıt”ı qəbul edəcək və bu oyunu turun mərkəzi matçı hesab etmək olar. “Kimyaçılar” 2-ci pillədəki mövqeyini qorumaq üçün paytaxtdan qələbə ilə dönməyə çalışacaqlar. “Sumqayıt”dan cəmi 2 xal geri qalan və gümüş medallara iddia edən “Sabah”ın da niyyəti qələbədir.
Avrokuboklar zonasından kənardan qalan “Səbail” “Neftçi”ni qəbul edəcək. “Dənizçilər” indiki məqamda ən yaxşı halda 6-cı pilləyə iddia edə bilərlər. İkinci yerdən cəmi 1 xal geri qalan “Neftçi” üçün isə bu görüşdə qələbə hava-su kimi lazımdır.
Eyni sözləri “Kəpəz”in qonağı olacaq “Zirə”yə də aid etmək olar. Gəncə klubu 8-ci pillədə qalmağın planlarını qurduğu təqdirdə, qəsəbə təmsilçisi ikinci yerə iddia edir. Bu isə o deməkdir ki, Rəşad Sadıqovun komandası səfərdən 3 xalla qayıtmaq məcburiyyətindədir.
Tura Qəbələdə yekun vurulacaq. Premyer Liqanı tərk edəcəyi rəsmiləşən “qırmızı-qaralar” ən azından son 2 turdakı qələbə seriyasını davam etdirməyə çalışacaqlar. Mövsümü 8-ci pillədə bitirmək şansı olan “Araz-Naxçıvan” isə bundan faydalanmaq istəyindədir. Bu görüş eyni zamanda Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyevin sabiq komandasına qarşı ilk dueli kimi yadda qalacaq.
Premyer Liqa
XXXV tur
17 may (cümə)
20:30. “Qarabağ” – “Turan Tovuz”
Tofiq Bəhramov adına Respublika Stadionu
18 may (şənbə)
17:00. “Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena”
17:00. “Səbail” – “Neftçi”
“ASCO Arena”
17:00. “Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu
19 may (bazar)
16:00. “Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu