Rumıniya mətbuatında dərc olunan yazıda Azərbaycan çempionu “Qarabağ”ın adı hallanıb. Matc.az xəbər verir ki, ölkə birincisi FCSB-nin Çempionlar Liqasındakı potensial rəqiblərinə həsr olunan yazıda Ağdam klubu da yada salınıb.

Buxarestlilər ÇL-in birinci təsnifat mərhələsini keçsələr, ikinci turda “Qarabağ”la qarşılaşa bilərlər. Ancaq Rumıniya mediası bunun baş tutmasını istəmir. “Digi Sport” nəşri tərəfindən hazırlanan siyahıda arzuolunmaz rəqiblərin adları qeyd olunub və onların sırasında “Qarabağ” da var.

Rumınlar FCSB-nin ÇL-in təsnifat mərhələləri və pley-offdakı ən çətin saydıqları rəqiblərdən ibarət “Qorxulu siyahı” tərtib edib. Birinci turda ən çox ehtiyat etdikləri rəqib Qazaxıstanın “Ordabası” klubudur. İkinci turda “Qarabağ”la qarşılaşmaq istəməyən rumınlar üçün üçüncü təsnifat mərhələsində ən qorxulu komanda Praqa “Slaviya”sıdır.

Rumıniya mətbuatı hesab edir ki, FCSB pley-offa qədər irəliləsə, bu mərhələdə onlara ən böyük problemi Türkiyənin “Qalatasaray” klubu yarada bilər.

Qeyd edək ki, “Qarabağ” 2023/24 mövsümündə Çempionlar Liqasının qrupundan kənarda qalsa da, həm özünün, həm də Azərbaycan futbolunun tarixində ilk dəfə Avropa Liqasının 1/8 final mərhələsinə qədər irəliləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest