Aç-2020-nin diqqətəlayiq və haqqında danışılmalı olan isimlərindən biri də Danimarka millisinin baş məşqçisi Kasper Hyulmanddı. 49 yaşlı çalışdırıcı komandasına oynatdığı futbolla yanaşı, Kristian Eriksenlə bağlı fors-major situasiyanı ideal səviyyədə idarə etməsi ilə gündəm oldu. Qeyd edim ki, bu, Hyulmandın yaşıl meydanlarda qarşılaşdığı ilk belə hal deyildi.
 
2009-cu il, Hyulmandın "Norşellann" klubunda köməkçi-məşqçi kimi çalışdığı dönəm. Rezerv komandanın başında olduğu bir oyunda yarımmüdafiəçi Yonatan Rixteri ildırım vurur. Nəticədə onun ürəyi dayanır və təxminən iki həftə tibbi komada qalmalı olur. Ətrafda Yonatanın dünyasını dəyişdiyinə dair xəbərlər dolaşırmış. Lakin hadisələrin davamında o, həyatda qalmağı bacarır. Baş verənlər nəticəsində ortaya çıxan fəsadlar səbəbindən Rixterin sol ayağının bir hissəsi amputasiya olunur və onun futbolçu karyerası bitir. O zaman Hyulmand ictimaiyyət önündə təmkinli davranışları və prosesi normal şəkildə idarə etməsi ilə diqqət çəkib.
 
1994-cü il, 22 yaşlı Hyulmand dizindəki zədə səbəbindən peşəkar səviyyədə futbolçu karyerasını davam etdirməkdə çətinlik çəkir. Həmin dönəm İsveçrə millisini çalışdıran və Skandinaviyada böyük iş təcrübəsinə, o cümlədən əlaqələrə sahib olan Roy Hocson ABŞ-dakı Şimali Florida Universitetinin futbol komandasının baş məşqçisi Rey Bançla əlaqə saxlayır və onu Hyulmand barədə məlumatlandırır. Banç keçid məsələsini həll etmək üçün Kopenhagenə yollanır və sonda Kasperin razılığını ala bilir. 1994-cü ilin iyul ayında qəhrəmanımız Ceksonvillə yola düşür. Hyulmand Şimali Florida Universitetində biznes sahəsi üzrə təhsil almaqla yanaşı, futbol komandasının formasını geyinir. Həmin mövsüm o, 18 matçda meydana çıxır və 6 qolla yadda qalır. Hyulmand Bançın yay düşərgələrində məşqçilik də edirmiş. Bununla yanaşı, o, Reyin digər işində - yerli məktəb komandasında könüllü şəkildə köməkçi-məşqçi kimi çalışırmış. Bir müddət sonra Kasper Danimarka ikinci divizion təmsilçisi B-93 ilə anlaşdığı üçün ölkəsinə geri qayıtmalı olur.

Lakin Hyulmandın karyerası elə də uzun müddət davam etmir. Dizindən bir neçə dəfə əməliyyat olunan Kasper 1998-ci ildə, yəni 26 yaşı olarkən futbolçu kimi yolun sonuna gəldiyini anlayır. Qərarını qətiləşdirdikdən sonra dərhal məşqçiliyə başlayır. "Lünqbü"nün aşağı yaş qruplarında işləyir, 8 il ərzində əsas komandaya yüksəlir. Növbəti iş yeri "Norşellann" olur. Burada əvvəlcə köməkçi kimi çalışır, 2011-ci ildə isə baş məşqçi kimi əsas komandanın başına keçir. Oyunçu qrupu arasında yüksək insani keyfiyyətləri, mərhəməti ilə nam saldığından, başlanğıcda futbolçular Kasperin yaxşı baş məşqçi olacağını düşünmür, onu daha çox elə assistent postuna uyğun biri hesab edirlərmiş. Amma hadisələrin davamında Hyulmand onları yanıltmağı bacarır. "Əsas partlayış" da elə "Norşellann"da çalışarkən baş verir. Hyulmand birinci mövsümdəcə bu kiçik kluba tarixinin ilk ölkə çempionluğunu qazandırır. Əvvəlki illərdə Superliqada qalmaq uğrunda mübarizə aparan klubun qazandığı bu zəfər bəzən "Lester"in Premyer Liqa çempionluğu ilə müqayisə edilir. "Norşellann" növbəti mövsüm Danimarkanı çempionlar Liqasının qrup mərhələsində təmsil edir.
 
Beləliklə, Hyulmand ölkə xaricindəki klubların maraq dairəsinə düşür. 2014-cü ildə "Mayns" Tomas Tuxeldən - sonralar aralarında dostluq münasibətləri formalaşır - boşalan baş məşqçi postunu Kasperə həvalə edir. Hyulmandın Almaniya macərası heç bir mövsüm davam etmir. 2015-ci ilin fevral ayında "Mayns" onunla yollarını ayırır. O zaman yerli mediada Kasperin yüksək səviyyə üçün olduqca "yumşaq" olduğuna dair yazılar tirajlanırdı. Danimarkalı məşqçi isə "Mayns"ın idman direktoru Kristian Haydelin aralarındakı razılaşmaya əməl etmədiyini və klubun idman strategiyası ilə bağlı ona söz haqqı tanımadığını bildirərək Bundesliqa karyerasında baş verənləri əsaslandırmağa çalışmışdı.
Həmin periodda Hyulmandı üzən daha bir hadisə baş verir. Onun qardaşı Simon autistikdi və autizmli insanlar üçün ayrılmış xüsusi mərkəzdə qalırmış. Yanlış müdaxilələr nəticəsində orada bir nəfər dünyasını dəyişir. Simon da eyni halla üzləşə bilərdi. Bu yöndəki düşüncələr Hyulmandı "ələ keçirir". Hadisənin təsirinə düşən Kasper ölkəsinə qayıtmaq, qardaşının yanında olmaq və bir müddət karyerasını mütləq şəkildə orada davam etdirmək qərarına gəlir. O, Danimarkada qüsurlu insanlara daha yaxşı qayğı göstərilməsini təmin etmək məqsədilə yaradılmış kampaniyaya da qoşulur.

Hyulmand 2016-cı ildə bir daha "Norşellann"ın başına keçir və daha üç il komandanı çalışdırır. 2018-ci ildə klub ona yeni müqavilə təklif etsə də, "yox" cavabı verir. Hyulmand yenidən ölkə xaricinə üz tutmaq barədə düşünürdü. 2019-cu ilin əvvəllərində Kasper "Anderlext"lə anlaşmağa yaxın olsa da, sonda keçid baş tutmur. Bir neçə ay sonra Belçikanın digər təmsilçiləri - "Brügge" və "Qenk" də ona maraq göstərməyə başladılar. Yekunda Danimarka Futbol Federasiyası Hyulmand ətrafında yaranan qeyri-müəyyən situasiyadan faydalanmaq qərarına gəldi. 2019-cu ilin iyun ayında Hyulmandın Aç-2020-dən sonra Danimarka millisinin baş məşqçisi postunda Oqe Hareydeni əvəzləyəcəyi açıqlandı.
 
Anlıq uşaqlıq dönəminə qayıdan və 80-ci illərdə innovativ və baxımlı futbolu, həyəcan vəd edən oyunçuları ilə dünyada adından söz etdirən Danimarka millisini xatırlayan, 1992-ci ildə Avropa çempionluğunu bayram edən yığmaya dair xatirələrini canlandıran Hyulmand təklifə "yox" deyə bilməzdi. İşi qəbul etdikdən sonra onun əsas hədəfi - uzun müddət davam edən problemli periodun ardınca Danimarka millisinin əvvəlki şöhrətini yenidən bərpa etmək idi. 
 
Hədəfinə çatmaq məqsədilə Hyulmand Danimarka cəmiyyətinin müxtəlif sahələrini təmsil edən tanınmış şəxslərlə - biznesmenlər, siyasətçilər, tanınmış atletlər və sənət adamları - görüşüb. Kasper Danimarka millisinin əks etdirməli olduğu dəyərləri müəyyənləşdirmək üçün onlarla danimarkalıların əsl kimliyi barədə danışmaq və fikirlərini öyrənmək istəyirdi. Yığmanın başına keçdiyi gündən bəri təkrarladığı bir cümlə var idi: "Hər şey bizim kim olmağımızdan başlayır".
 
Əvvəlcə onun yanaşması cəmiyyət tərəfindən rədd edildi və istehza ilə qarşılandı. Hətta Hyulmand matçları qazanmaqdan çox, XIX əsr Danimarka şairləri barədə düşünən axmaq damğası da yeyib. Amma artıq "tənqid dalğası"ndan əsər-əlamət yoxdu - meydanın daxili ilə bağlı irəli sürülən fikirlər kimi. Hyulmandın təyinatı futbol nöqteyi-nəzərdən də birmənalı qarşılanmamışdı. öncəki məşqçi Oqe Hareyde praqmatik biridi. Danimarka idman ictimaiyyətinin əksər nümayəndələri onunla yola davam etməli olduqlarını və Hyulmand kimi başda Quardiola olmaqla Yohan Krayf, "Ayaks", "Barselona" və Morten Olsendən ilhamlanan futbol romantikinin uğur qazana bilməyəciyini iddia edirdilər. Onu da qeyd edim ki, Hyulmand Pepi futbolda əsas ilham mənbəyi hesab etsə də, yığmanın başına keçməmişdən öncə tamamilə fərqli tərzə üstünlük verən Dieqo Simeoneni ziyarət etmiş, bir müddət Madriddə qalaraq "Atletiko" məşqlərini yaxından izləmiş, argentinalıdan məsləhətlər almışdı. Kasper oyun fəlsəfəsinə müxtəlif çalarlar əlavə etməyi sevir. Nə isə, ictimaiyyətin mövqeyindən danışırdıq. Nəticələr də həmin dönəmdə onların tərəfində idi. Hareydenin Danimarkası seçmə mərhələni məğlubiyyətsiz başa vurmuşdu. Oqenin Hyulmandın təyinatı ilə bağlı fikirlərini də pozitiv hesab etmək olmazdı. Amma görünür, Danimarka Futbol Federasiyasının istəyi başqa yöndə idi. Əslində, Aç-2020-də komandanı baş məşqçi kimi meydana çıxarmalı olan şəxs Hyulmand yox, məhz Hareyde idi. Sadəcə, koronavirus səbəbindən turnirin 2021-ci ilə təxirə salınması planlara təsir etdi.

Artıq Hyulmand haqqındakı fikirlər tamamilə fərqlidi. Həm oynatdığı futbol, həm qazanılan nəticələr, həm də Eriksenlə bağlı situasiyanı idarəetmə forması ilə o, danimarkalıların könlünü fəth etməyi bacarıb. Hətta sələfi Oqe Hareyde də hazırda onu dəstəkləyən şəxslərdən biridi. Hyulmand Aç-2020 ərəfəsində Hareydeyə mesaj yazıb və Danimarka millisinin, əslində, bir yox, iki baş məşqçi - Oqeni nəzərdə tutur - ilə "Parken" stadionuna çıxacağını bildirib. Oqe köşə yazısında Kasperin bu sözlərindən, o cümlədən komandanın onun rəhbərliyi altında keçdiyi inkişaf prosesindən və gücünə daha da güc qatmasından təsirləndiyini gizlətməyib.
 
Rüfət Məcid

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest