“Oyun haqda çox danışmağa dəyməz. 59-cu dəqiqəyə qədər rəqibin qol epizodu yox idi. İlk fürsətdə fərqləndilər. Sonluq da gözlənilən idi. Biz irəli atılacaqdıq, rəqib isə əks-hücumlarda oynayacaqdı. “Qəbələ” kritik səhvimizdən sonra ikinci qolu vuraraq qələbə qazandı. Düşünürdük ki, artıq “qara zolaq”dan çıxmışıq. Amma bu oyun üzərimizdəki təzyiqi artırdı”.
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ”yə məğlub olduqları oyunu şərh edib. Matc.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
O, komandasının 59-cu dəqiqəyə qədər rəqibə qol imkanı vermədiyini, lakin ilk fürsətdə qapılarında qol gördüklərini bildirib:
“Oyun haqda çox danışmağa dəyməz. 59-cu dəqiqəyə qədər rəqibin qol epizodu yox idi. İlk fürsətdə fərqləndilər. Sonluq da gözlənilən idi. Biz irəli atılacaqdıq, rəqib isə əks-hücumlarda oynayacaqdı. “Qəbələ” kritik səhvimizdən sonra ikinci qolu vuraraq qələbə qazandı. Düşünürdük ki, artıq “qara zolaq”dan çıxmışıq. Amma bu oyun üzərimizdəki təzyiqi artırdı”.
Həşimov komandanın düşdüyü vəziyyətdən çıxış yolları barədə də danışıb. Baş məşqçi hücumçu mövqeyində ciddi problemlərlə üzləşdiklərini etiraf edib:
“Şikayət etməyi sevmirəm. Amma görürsünüz ki, hücumçu mövqeyində konkret çətinliklərimiz var. Yeganə hücumçumuz Luis Felipe idi. Gələndən sonra zədələnmişdi. İndi isə altı aylıq sıradan çıxıb. Bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edirik.
Bütün məsuliyyəti öz üzərimə götürürəm. Amma fikrimcə, bu işdə tək olmamalıyam. Rəhbərlik, mən və futbolçular – kollektiv şəkildə vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq”.












_1695560880.jpg)
