Maraqlı oyun oldu. Məğlub olduğumuz üçün çox təəssüflənirəm.
Azərbaycan Premyer Liqasının XII turunda “Şamaxı” öz meydanında “Turan Tovuz”a 0:2 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “Şamaxı”nın baş məşqçisi Azər Bağırov oyunu dəyərləndirib.
Mütəxəssis məğlubiyyətə görə təəssüfləndiyini, xüsusilə ikinci hissədə komandanın psixoloji tarazlığını itirdiyini bildirib:
“Maraqlı oyun oldu. Məğlub olduğumuz üçün çox təəssüflənirəm. Birinci hissədə futbolçular yaxşı mübarizə apardılar. Demək olar ki, rəqibə qol imkanı yaratmağa imkan vermədik. İkinci hissədə isə psixoloji tarazlıq pozuldu, oyun üslubumuzda müəyyən axsamalar oldu. Amma yolumuza davam edəcəyik. Belə hallara oyundan-oyuna daha hazırlıqlı olmalıyıq. Hakim də, digərləri də səhv qərar verə bilər. Biz isə daha güclü olmalıyıq”.
Bağırov fasilədə Ayman Bualinin əvəzlənməsinin səbəbini də açıqlayıb. O, futbolçunun ilk hissədə gözlənilən performansı göstərə bilmədiyini söyləyib:
“Buali ilk hissədə meydanda gözlədiyimiz oyunu göstərə bilmədi. Amma ondan razıyıq. Futboldur, əvəzetmələr də olur. Daha yaxşısını etmək istədik. Bunun nə dərəcədə alındığı isə başqa məsələdir”.
Baş məşqçi hakim Emin Əliyevin idarəçiliyi barədə danışmaq istəmədiyini qeyd edib:
“Səhv hamıda olur. Biz də səhv edə bilərik. Bu gün hər birimiz Azərbaycan futboluna xidmət edirik. Ölkə futboluna nələrsə qazandırmağa çalışmalıyıq. Hakimlik barədə danışmaq istəmirəm”.
Komandasının say üstünlüyü əldə etməsinə baxmayaraq, qapısında qol görməsinin səbəbinə toxunan çalışdırıcı rəqibin fərdi ustalığını xüsusi vurğulayıb:
“Komanda qol vurmağa tələsdi, hücuma atıldıq. Nəticədə gözlədiyimiz hadisə baş verdi. “Turan Tovuz” futbolçularının fərdi keyfiyyətlərini bilirik. Onlar da məhz fərdi ustalıq hesabına qol vurdular. Sevindirici məqam isə gənc futbolçu Hacıəli Şirəliyevin bu gün debüt etməsi oldu. Buna sözün əsl mənasında sevinirəm”.
Azər Bağırov fasilədə Yunis Hüseynovla yaşanan müzakirəyə də aydınlıq gətirib. O, veteran futbolçunun müəyyən məqamları yanlış anladığını bildirib:
“Yunis müəllim veteran futbolçularımızdandır. O, meydanda bəzi məqamları düzgün görməmişdi. Mənim azarkeşləri qızışdırdığımı düşünürdü və buna görə iradını bildirdi. Məsələ bununla da bitdi. Azarkeşlərdən xahiş etdim ki, hakimlərə irad bildirməsinlər, yalnız komandamıza dəstək olsunlar. Həmişə doğru olanın tərəfindəyəm”.









_1728246922.jpg)



