Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella UEFA Millətlər Liqasında Belçikaya 3:0 hesabı ilə uduzduqları matçdan sonra açıqlamalar verib.
Matc.az xəbər verir ki, qarşılaşmanı dəyərləndirən italyan mütəxəssis məğlubiyyətə baxmayaraq, futbolçularının nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib:
"Oyunçularımıza heç bir söz deyə bilmərəm, sonadək mübarizə apardılar. Son ötürməni verə bilmədikdə, qol vurmadıqda və rəqib bunları etdikdə hesab istədiyiniz kimi olmur".
Montella turnirdə keçirilən 3 oyundan sonra xal qazana bilməmələrini şərh edərək bütün məsuliyyəti öz üzərinə götürüb:
"Azarkeşlərimiz üçün çox üzgünük. Sahəyə ürəyimizi qoyuruq. Futbolçuları suçlamağın bir mənası yoxdur, kiminsə suçu yoxdur. Mən belə sahədə ürəyimlə mübarizə aparıram".
İtaliya ilə keçən əvvəlki matçdakı uğursuzluğa da toxunan baş məşqçi, komandanın Belçika qarşısında lazımi reaksiyanı verdiyini vurğulayıb:
"Tək bir səhvimiz var idi, o da İtaliya matçının ilk yarısındakı futbol. Bir reaksiya verməyimiz lazım idi və bu gün oyunçularım həmin reaksiyanı verdilər".
A Liqasındakı çətin səviyyədən bəhs edən Montella, bu platformada oynamağın komandaya böyük təcrübə qazandırdığını qeyd edib:
"A Liqasında oynamaq bir imtiyazdır, cəza deyil. Milli komanda burada təcrübə qazanır. Səviyyəni gördük və mübarizə aparırıq. A Liqasındakı səviyyə təəssüf ki, belədir. Biz də təcrübə toplayaraq yolumuza davam edirik".













