"Həmin mövqelərə uyğun futbolçuların transferi istiqamətində iş aparırıq".
"Kəpəz"in baş məşqçisi Azər Məmmədov Premyer Liqaya hazırlıq dövrünün ilk mərhələsinin yekununda "Qəbələ" ilə keçirilən yoxlama oyununu şərh edib.
Matc.az xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.
Baş məşqçi komandanın ümumi hazırlığı və transfer planları barədə danışıb:
"Premyer Liqaya hazırlıq dövrünün ilk mərhələsinin yekununda "Qəbələ" ilə yoxlama oyunu keçirdik. Qarşılaşmanın birinci hissəsində əsas heyət üzvlərinə şans verdik. Futbolçular çalışdılar, tapşırıqları yerinə yetirməyə cəhd göstərdilər və ümumilikdə pis təsir bağışlamadılar.
Qarşıda bizi daha bir neçə yoxlama görüşü gözləyir. Məqsədimiz oyundan-oyuna inkişaf etmək, çatışmazlıqları aradan qaldırmaq və komandanın oyununu daha da təkmilləşdirməkdir. Bu matç göstərdi ki, bəzi mövqelərdə güclənməyə ehtiyacımız var. Həmin mövqelərə uyğun futbolçuların transferi istiqamətində iş aparırıq. İnanıram ki, heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq.
İkinci hissədə isə gənc futbolçulara, Akademiyamızın yetirmələrinə şans verdik. Onlardan bəziləri əsas komandanın heyətində ilk dəfə meydana çıxırdı. Təbii ki, həyəcan hiss olunurdu və bu, normaldır. Buna baxmayaraq, onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar".













